Yük maşını minik avtomobilinə çırpıldı, sürücünün iş və həyat yoldaşı xəsarət aldı

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb. “Ford Transit” markalı 90 EM 792 dövlət nömrə nişanlı yük maşını eyni istiqamətdə hərəkət edən “Hyundai Santa Fe” markalı 90 GC 515 dövlət nömrə nişanlı avtomobilə arxadan çırpılıb.

 

İlkin məlumata görə, “Hyundai” yanacaqdoldurma məntəqəsinə girirmiş. Bu vaxt Nobel prospekti ilə yüksək sürətlə hərəkət edən “Ford” onu arxadan vurub. Sonra hər iki avtomobil yanacaqdoldurma məntəqəsinin girişinin yaxınlığındakı işıq dirəyinə çırpılıb, dirək aşıb.

 

Qəza nəticəsində ət məhsulları şirkətinə məxsus yük avtomobilindəki sərnişin, şirkətin ekspeditoru Pərvin Məlikova xəsarət alıb. O, təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılıb. Qeyd edək ki, Pərvin Məlikova həm də sürücü Sənan Murğuzovun həyat yoldaşıdır.

 

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv