“Sovetski” sakinlərinə ev sözü verənlər fırıldaqçılığa görə tutuldular
“Sovetski” sakinləri üçün ev tikmək adı ilə dələduzluqla məşğul olmaqda təqsirləndirilən şəxslər saxlanılıb. APA TV-nin xəbərinə görə, bu barədə Bakı Şəhər Prokurorluğu və Baş Polis İdarəsi birgə məlumat yayıb. Məlumatda bildirilir ki, Bakı şəhər sakini Asəf Hacı-İsmayılov və qeyrilərinin təsis etdiyi "DES" Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxsləri "Köhnə bakılılara yeni ev" şüarı altında sayt yaradıb, vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onlara məxsus külli miqdarda əmlakı ələ keçirmək üçün guya paytaxtın mərkəzi prospektlərindən birində çoxmərtəbəli bina tikəcəkləri barədə həmin saytda və digər kütləvi informasiya vasitələrində reallıqdan uzaq elanlar, reklam xarakterli informasiyalar yerləşdiriblər.
Araşdırmalar zamanı şirkətin müvafiq lisenziya olmadan fəaliyyət göstərdiyi müəyyən edilib, faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb, Asəf Hacı-İsmayılov, Nazim Səmədov və Orxan Fərhadov şübhəli şəxs qismində tutulublar.
Bakı şəhəri, Badamdar qəsəbəsi, 156 ünvanında yerləşən ofisdə aparılmış axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən sənədlər götürülüb.
Tutulan şəxslərin ifadələrindən və digər sənədlərdən də göründüyü kimi, onlar inşa edəcəkləri, ümumi dəyəri 17.000.000 manatdan çox olan 16 mərtəbəli, 9 bloklu və 810 mənzilli binada həmin mənzillərin hər kvadratmetrini sakinlərə guya 380 manata satılması nəzərdə tutulub.
Şirkətin vəzifəli şəxsləri iyulun 15-də keçirdikləri mətbuat konfransında inşa edəcəkləri binanın “Sovetski” sakinləri üçün nəzərdə tutulduğunu açıqlayıblar.