2975 vakant yerə 17962 ərizə

İyulun 15-də Azərbaycanda müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu başa çatıb. Ölkənin ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrindəki 2975 vakant yerə 17 962 nəfər ərizə verib. Bunu APA TV-yə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov deyib. Müraciət edənlər arasında ibtidai sinif, ingilis dili, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, tarix və informatika müəllimi ixtisaslarını seçənlərin sayı daha çox olub. İlkin təhlil göstərir ki, Bakı şəhərində olan vakant yerlər digərlərinə nisbətən çox seçilib. İlkin təhlilləri göstərir ki, ölkədə 300 ibtidai sinif ixtisası üzrə vakant yerə 5000 nəfər sənəd verib: "Bu da ibtidai sinif müəllimliyi ixtisası üzrə müəllimlərin işə qəbulunda çox ciddi müsabiqə şəraiti yaranacağından xəbər verir. 149 vakant ingilis dili müəllimi yerinə sənəd verənlərin sayı 2500 nəfərdən çoxdur. Azərbaycan dili, ədəbiyyat, tarix, riyaziyyat fənləri üzrə vakant yerlərin sayı 200-250 olmasına baxmayaraq, sənəd verənlərin sayı 1500-2000 nəfər arasındadır".

 

Şöbə müdirinin sözlərinə görə, ayrı-ayrı fənn müəllimlərinə ehtiyac üzrə Bakı və regionlarda fərq var.

 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova