Qanunsuz sosial yardım paylayan 5 rayonun vəzifəli şəxsləri işdən çıxarılıb

“Sosial yardım almaq hüququ olmayan ailələrə yardım təyin edən 5 rayonun vəzifəli şəxsləri işdən çıxarılıb".

APA TV-nin xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında (ƏƏSMN) Dövlət Sosial Təminat Xidmətinin (DSTX) rəisi Çingiz Əliyev bu gün keçirilən mətbuat konfransında məlumat verib: "Ümumilikdə 647 ailəyə yardım təyin edildiyi, bu işlər üzrə 710 310,0 manat vəsait xərcləndiyi aydın olub. Həmin ailələrə ünvanlı sosial yardımın ödənişi dayandırılaraq, qanunsuz ödənilmiş vəsaitin 344 571,0 manatı və ya 48,5%-i büdcəyə bərpa edilib . 5 rayonun - Ağdam, Goranboy, İmişli, Daşkəsən, Saatlının ƏƏSMN-in müvafiq vəzifəli şəxsləri ilkin olaraq tutduqları vəzifədən azad olunmaqla, həmin mərkəzlər üzrə müvafiq materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Baş Prokurorluğuna göndərilib".

 

Araşdırmalar zamanı 19 vətəndaşın müraciətinin böhtan xarakterli olduğu müəyyən edilib. Bu səbəbdən ƏƏSMN-in müvafiq əməkdaşları tərəfindən onlara qarşı şərəf və ləyaqətin qorunması iddiası ilə məhkəməyə müraciət olunub: "Hazırda bir ailəyə düşən ünvanlı sosial yardımın məbləği 133 manat , bi ailə üzvünə düşən orta ünvanlı yardımın məbləği isə 30 manat 50 qəpik  təşkil edir. Bu ötən illə müqayisədə 521 ailə azalma demekdir ki, bu da normal azlama ilə müşahidə olunub".

 

Xidmət rəisi bildirib ki, 677 nəfər Qarabağ müharibəsi əlili, 323 nəfər Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxs, ümumilikdə 1000 nəfər minik avtomobili ilə təmin olunub.

 

Nazirlik rəsmisi bildirib ki, ötən ilin ilk yarımilində əlil və şəhid ailələrinin mənzilə təminatı həyata keçirilmədiyi halda, cari ilin 6 ayında ümumilikdə 118 müharibə əlili və şəhid ailəsi ƏƏSMN-nin sifarişi ilə inşa edilmiş yaşayış binalarında  mənzillə  təmin edilib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı