Dövlətə vurulan 12 milyon manatın yarısının qaytarılması təmin olunub

"Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu ilin ilk yarısında vətəndaşların 1.603 müraciətinə baxıb".

APA TV-nin xəbərinə görə, bunu 2014-cü ilin I yarımili ərzində görülmüş işlərlə bağlı keçirilən mətbuat konfransında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.  K. Əliyev bildirib ki, 169 cinayət xarakterli material araşdırılıb: “Həmin materialların 53%-i üzrə cinayət işi başlanıb, digər məlumatlar üzrə isə zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib. Hesabat dövründə idarənin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 2.864 müraciət daxil olub. Əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində daxil olmuş müraciətlərin əksəriyyətinin müsbət həll olunması təmin edilməklə, vətəndaşların pozulmuş hüquqları bərpa edilib, aşkarlanmış qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar göndərilib, həmçinin müraciətlərin 9-u üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb”.

 

2014-cü ilin birincin yarımilində cinayət başında yaxalanmış şəxslər barəsində 6, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 3 cinayət işi başlanıb. Cinayət işləri Ağcabədi Pedaqoji Kollecinin direktoru Sahib Hüseynovun kollecin tələbəsindən sessiya imtahanlarından müsbət qiymət alması müqabilində 450 manat məbləğində rüşvəti alması, Bakı şəhər Nizami rayonu 117 №-li Mənzil Kommunal İstismar sahəsinin rəisi Bəşir Bəşirovun müvafiq sənədlərin verilməsi müqabilində vətəndaşdan 2 min manat, “Merac Holdinq”in İdarə Heyətinin sədri Səbuhi Əliyevin zəlzələdən zərər çəkmiş ərazilərdə 204 evin yenidən tikilməsi üçün podrat işlərinin verilməsi müqabilində 20 min manat məbləğində rüşvət almaları və digər faktlarla əlaqədar olub.

 

K. Əliyev qeyd edib ki, 2014-cü ilin I yarımili ərzində idarənin İstintaq şöbəsi tərəfindən 147 şəxs barəsində 103 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib .  Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 11 milyon 870 min manat ziyandan istintaq müddətində 6 milyon 10 min manat və ya 50,6 %-i ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

 

Müəllif | Apa.Tv