Balakəndə ağır qəza: 1 ölü, 1 yaralı

Balakəndə ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 148-ci kilometrliyində, Balakən rayonu Qazbinə kəndi ərazisindən keçən hissəsində baş verib. 56 yaşlı  Zaqatala şəhər sakini Fərman İbrahimovun idarə etdiyi "VAZ 21132" markalı avtomobillə Balakən şəhər sakini, 29 yaşlı Elvin Seyidovun idarə etdiyi “Hyundai” markalı minik avtomobili toqquşub. Baş vermiş qəza nəticəsində hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Onlar Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Xəstəxanadan APA TV-yə  verilən məlumata görə, Fərman İbrahimovun xəsarətləri ağır olduğundan onu həyatını xilas etmək mümkün olmayıb. Xəstəxananın həkimi Şirin Abbasov bildirib ki, Fərman İbrahimov  ağır vəziyyətdə daxil olub. Qapalı kəllə-beyin travması, baş-beyin əziyi, çənə sümüyünün sınığı, sol tərəf döş qəfəsinin qabırğalarının çox saylı, sol baldırın qapalı sınığı ilə travmatik şok diaqnozu ilə daxil olub. Xəstəyə yardım etməyimizə baxmayaraq dünyasını dəyişib. İkinci xəstə sol körpü sümüyünün qapalı yerdəyişən sınığı, qapalı kəllə beyin travması, baş-beyin silkələnməsi diaqnozu ilə daxil olub. Hal-hazırda vəziyyəti orta ağırdır. Digər sürücü Elvin  Seyidov polis əməkdaşıdır. O, Qax rayon Polis Şöbəsində Zəyəm, Şotavar və Qoroğan kəndləri üzrə sahə müvəkkili vəzifəsində işləyir. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov