Aran bölgəsində unun və kəpəyin qiyməti artıb

Kürdəmirdə dəyirmanın fəaliyyətinin müvəqqəti dayandırılması aran bölgəsində unun və kəpəyin qiymətinin artmasına səbəb olub. Sakinlərin APA TV-nin yerli bürosuna verdikləri məlumata görə, artıq 10 gündür, Kürdəmir və ətraf rayonlarda unun və kəpəyin qiyməti  1 - 1 manat 20 qəpik artıb. Əvvəllər 17 manata satılan 50 kiloqramlıq un kisəsi son günlər 18 manata, bəzi bölgələrdə isə 18 manat 20 qəpiyə satılır. 20 kiloqramlıq kəpək kisəsi isə əvvəllər 2 manata - 2 manat 20 qəpiyə satılırdısa, hazırda bölgələrdən asılı olaraq, 3 manata - 3 manat 40 qəpiyə satılır.

 

Unun bahalaşması çörəyin qiymətinə təsir etməsə də, çəkisinin nəzərə çarpacaq qədər aşağı düşməsinə səbəb olub. Əvvəllər 30 qəpiyə satılan çörək 490-500 qram olurdusa, indi həmin çörəklərin çəkisi 430-435 qramdır. Un və kəpək satışı ilə məşğul olan sahibkarlar qiymətlərin qalxmasını Kürdəmir rayonunda fəaliyyət göstərən, sutka ərzində 500 ton buğda üyüdən dəyirmanın fəaliyyətinin dayandırılması ilə əlaqələndirir.

 

Dəyirmanın icraçı direktoru Rahim Yəhyayev APA TV-nin yerli bürosuna bildirib ki, dəyirmanın fəaliyyətinin dayandırılmasına əsas səbəb təmir işləri ilə paralel olaraq, ziyanvericilərə qarşı qabaqlayıcı tədbir görmək məqsədilə dərmanlama işlərinin aparılmasıdır. Yaxın 4-5 günə bütün işlər yekunlaşacaq və dəyirman əvvəlki gücü ilə fəaliyyət göstərəcək.

Müəllif | Apa.Tv
Zahid Abışov