Dövlət Komissiyasından Kəlbəcərdə girov götürülənlərlə bağlı növbəti açıqlama

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Kəlbəcər rayonu ərazisində azərbaycanlıların girov götürülməsi ilə bağlı açıqlama yayıb. APA TV-nin xəbərinə görə, açıqlamada qeyd olunub ki, Ermənistanın rəsmi dairələrinin yaydığı məlumatların əksinə olaraq, girov götürülmüş şəxslər 12 avqust 1949-cu il tarixdə qəbul edilmiş Cenevrə Konvensiyalarının himayəsi altındadır və onlarla davranış həmin beynəlxalq sənədlər çərçivəsində olmalıdır: “Ermənistan Müdafiə Nazirliyi “saxlanılan şəxslər hərbi əsir deyil” deməkdə haqlıdır. Ona görə ki, həmin şəxslər Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində böyüyüb başa çatıb və ata-babalarının məzarı həmin ərazilərdə qalmış mülki insanlardır”.

 

Dövlət Komissiyası bəyan edir ki, Kəlbəcər rayonunda girov götürülmüş şəxslər erməni tərəfinin iddia etdiyi kimi, heç bir dövlət sərhədini pozmayıb və suveren Azərbaycanın BMT tərəfindən tanınmış ərazisində olublar: “Əsl sərhəd pozucusu isə 10 yanvar 2010-cu il tarixdə 5 nəfərdən ibarət ailə üzvü ilə “Yeraz” markalı maşınla Ermənistanın Naxçıvan MR ilə sərhəd ərazisini keçdiyi üçün Azərbaycan hərbçiləri tərəfindən saxlanılmış Gevorkyan Yeqişe Petrosoviçdir. Lakin beynəlxalq hüquq normalarına həmişə hörmətlə yanaşmış Azərbaycan Gevorkyana və onun ailəsinə münasibətdə humanitar hüquq normalarını əsas götürüb”.

 

Dövlət Komissiyası bildirir ki, məsələyə kriminal və ya siyasi don geyindirilməsi beynəlxalq humanitar hüquq normalarına hörmətsizlikdir. Bununla yanaşı, Komissiya Azərbaycanın Kəlbəcər rayonu ərazisində girov götürülmüş azərbaycanlılarla bağlı KİV-də yoxlanmamış məlumatların yayılmasından da narahatlığını ifadə edir. Guya saxlanılan şəxslərdən birinin onlara Kəlbəcərdən zəng edərək bir nəfərin öldürülməsi, digərinin gözünün çıxarılması barədə məlumat verdiyini yazılıb. Bunlar təsdiqlənməyib.

 

Müəllif | Apa.Tv