Qida zəhərlənmələri mövsümü: özümüzü necə qorumalıyıq? - REPORTAJ

Bu ilin may-iyun aylarından qidadan zəhərlənənlərin sayı 150 -200 nəfər arası dəyişib. Ilin ilk 4 ayında isə Azərbaycanda 353 qida zəhərlənməsi faktı baş verib. Nəticədə 405 nəfər zəhərlənib. Ən ağır qida zəhərlənməsi isə botulizmdir. Yanvar-aprel aylarında 14 belə hal qeydə alınıb ki, nəticədə 19 nəfər zəhərlənib. Respublika Gigiena və Epidemiologiya mərkəzinin qida gigiyenası şöbəsinin rəhbəri İmran Abdullayev APA TV-yə açıqlamasında deyib ki, qida zəhərlənmələri adətən yay aylarında müşahidə olunur.

 

"Yay həm də qida zəhərlənməsi mövsümüdür. Bu mövsümdə vətəndaşlar qida məhsulları alarkən ehtiyatlı olmalı və qidaların saxlanma qaydalarına riayət etməlidirlər. Ərzaqların düzgün olmayan istifadəsi, saxlanılması, temperatur rejiminə, sanitar-gigiyena qaydalarına əməl olunmaması qida zəhərlənmələrinin əsas səbəblərindəndir. Bu cür hallardan qaçmaq üçün qidaların saxlanma rejiminə riayət olunmalı, mikrobların öldürülməsi məqsədi ilə termik emal həyata keçirilməli, antisanitariya hökm sürən yerlərdən qida alınmamalıdır".

 

İmran Abdullayevin sözlərinə görə, zəhərlənmənin mövsümlə əlaqəsi yoxdur. Amma mövsümi günlərdə zəhərlənmə riski artır. Şöbə müdiri əlavə edib ki, istənilən bitki məmulatının emalı zamanı düzgün aqrokimyəvi qaydalara riayət olunmayıbsa, kimyəvi zəhərlənmələrin baş verməsi mümkündür. Azərbaycanda hələlik belə zəhərlənmə qeydə alınmayıb. Ancaq bu ilin 4 ayı ərzində məişətdə baş vermiş qida zəhərlənmələrinin sayı 300-dən artıqdır.

 

"Bakteriya və onların toksinləri ilə törənən zəhərlənmələr olur. Belə zəhərlənmələr mədə bulantısı, qusma, kramp şəklində qarın ağrısı  və ishal ilə müşahidə olunur. Yay aylarında daha tez-tez rast gəlinən qida zəhərlənməsi əsasən ishal, ürək bulanması, qusma və mədə ağrıları ilə özünü göstərir. Düzgün diaqnoz üçün qan analizi vacibdir. Adətən qida zəhərlənməsi bir neçə günə düzəlir, lakin bəzi zəhərlənmə halları var ki, həddən artıq ciddi problemlərə yola aça bilər və bu zaman ciddi həkim nəzarətinə ehtiyac vardır".

 

İmran Abdullayev deyib ki, bəzən evdə soyuducunun tez-tez açılıb bağlanması soyudulma sisteminə təsir göstərir. Nəticədə soyuducu yaxşı soyutmur, onun temperatur rejimi düzgün olmur. Soyuducuda saxlanılan məhsulun çıxarıldıqdan sonra bir neçə saat kənarda saxlanılması, daha sonra yenidən soyuducuya qoyulması da düzgün deyil. Çünki bu, məhsulun keyfiyyətinin aşağı düşməsinə təsir göstərir. Bütün bunlar isə öz növbəsində qida zəhərlənməsi hallarının baş verməsinə imkan yaradır.

 

İmran Abdullayev hesab edir ki, qida zəhərlənmələrinin sayını azaltmaq üçün əhali arasında maarifləndirmə işlərini gücləndirmək lazımdır.

 

Qeyd edək ki, yaxşı konservləşdirilməmiş qidalardan baş verən zəhərlənmə  ən təhlükəli zəhərlənmədir, bu, hətta ölümlə nəticələnə bilər.  Belə zəhərlənmələrdə əsas əlamətlər özünü 24 saatdan sonra göstərir. Botulizm zamanı qəbizlik, şiddətli halsızlıq, gücün itməsi kimi əlamətlər müşahidə oluna bilər. 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı