Cəlilabadda təhlükə: Mal-qara arasında naməlum xəstəlik yayılıb

Cəlilabadda iribuynuzlu heyvanlar arasında mənşəyi məlum olmayan xəstəlik yayılmaqda davam edir.  Yerli sakinlərin APA TV-nin cənub bürosuna verdikləri məlumata görə, vəziyyət ciddi xarakter aldığından rayondakı mal-qara alış-verişi üzrə həftə bazarı da öz fəaliyyətini dayandırıb.  Xəstəliyin ən çox yayıldığı ərazi rayonun Alar kəndidir. Yerli sakinlərin sözlərinə görə, xəstəlik heyvanlarda qızdırma ilə başlayır, daha sonra onların dırnaqlarında soyulma prosesi gedir və   heyvanlarının bədənlərinin  müxtəlif nahiyələrində dairəvi şəkildə şişlər yaranmağa başlayır. Əsasən iribuynuzlu heyvanlar bu xəstəliyə yoluxduğundan onlar sonradan  qidadan belə imtina edirlər.  Gündən-günə  çəkisi azalaraq xəstəliyə tutulmuş  heyvan son nəticədə ölüb gedir. İndi sakinlər kütləvi halda  yayılmış xəstəliyə qarşı  mübarizə tədbirlərinin vaxtında  aparılmamasından narahatdırlar.  Cəlilabad Rayon Baytarlıq İdarəsinin rəisi Vidadi Əliyev isə vəziyyətin heç də acınacaqlı olmadığını bildirib.


"İndidən hər hansı konkret bir xəstəlik barəsində danışmaq düzgün olmazdı. Bəli, həqiqətən də bəzi mal-heyvanlarda nadulyar dermatik xəstəliyinin nişanələri müşahidə olunmaqdadır. Amma bu, heç də həmin heyvanların məhz nadulyar dermatik xəstəliyinə yoluxması demək deyil. Mal-qarada xəstəliyinin dəqiq diaqnozu barədə hər hansı fikir yürütmək isə yalnız laboratoriya müayinələrinin nəticəsindən sonra  mümkündür".

İdarə rəisinin sözlərinə görə, Respublika Baytarlıq Xidmətinin əməkdaşları dünəndən rayona ezam olunublar və indi bütün qüvvələr ayrı-ayrı ərazilərdə heyvanların dezinfeksiya və sintomatik müalicəsi tədbirlərinə yönəlib. Qeyd edək ki, Baytarlıq İdarəsinin rəsmisi Cəlilabadda mal-qara arasında ölüm faktının olmadığını desə də, real fakt əslində bunun əksini göstərir. Örüş sahələrində, yol kənarlarında  atılıb qalmış heyvanların cəsədləri isə daha ciddi fəsadlara səbəb ola bilər. 

Müəllif | Apa.Tv