Ağdaşda heyvanlar arasında yoluxucu xəstəlik yayılıb

Ağdaş rayonunda iribuynuzlu heyvanlar arasında yoluxucu xəstəlik yayılıb. APA TV-nin yerli bürosunun məlumatına görə, yoluxucu xəstəlik rayonun Hapıtlı kəndindəki mal-qara arasında qeydə alınıb. Əvvəl 3 inəyə keçən xəstəlik qısa müddətdə həşəratlar vasitəsilə 50 baş heyvana yoluxub. Dərhal kəndə 4 həkim briqadası cəlb edilib. Mal-qara müayinə olunub və onların dəri xəstəliyi olan noderyal dermatit xəstəliyinə yoluxduğu müəyyən edilib.

Məlumata görə, kənddə 4 baş inək qızdırma səbəbindən ölsə də, digər heyvanların tələf olmasının qarşısı alınıb və hazırda onların müalicəsi davam etdirilir. Rayon Baytarlıq İdarəsinin müdiri Sahib Qurbanov APA TV-yə bildirib ki, yayılan yoluxucu xəstəliklə bağlı Hapıtlı kəndində karantin elan edilib. Kənddən ətlik və südlük mal-qaranın çıxarılması və başqa yerdən həmin kəndə heyvanların gətirilməsi qadağan olunub. Kənd sakinlərinə heyvanların südündən və ətindən istifadə edilməməsi məsləhət görülüb. Hazırda mal-qara tövlələrdə həkim nəzarətində saxlanılır. Bundan əlavə rayon baytarlıq idarəsinin həkimləri Ağdaşdakı heyvan bazarında satılan mal-qara arasında bu yoluxucu xəstəliyin yayılmaması üçün tədbirlər görürlər. Bazara gətirilən heyvanlar yoxlanılır, hansısa xəstəliklə bağlı şübhəli heyvanların satışına icazə verilmir və onlar geri qaytarılır. Heyvan bazarında, eləcə də Hapıtlı kəndindəki bütün həyətyanı sahələrdə, tövlələrdə dezinfeksiya işləri aparılır.

 

 

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov