AİLƏ FACİƏSİ: əmi və 12 yaşlı qardaşı oğlu Kürdə batdı

Salyan rayonunda Kür çayında boğulan qardaşı oğlunu xilas etməyə çalışan əmi onunla birlikdə batıb. APA TV-nin xəbərinə görə, hadisə Salyanın Şirvan tayındakı Babazənan yaşayış massivində qeydə alınıb. 44 yaşlı Azər Əliyev öz oğlu, qardaşı və qaynı oğullarını götürərək Kür çayı sahilinə gəlib. Uşaqlar Kür çayında çimərkən onun özü isə sahildə dayanıb onlara nəzarət edirmiş. Elə bu vaxt qardaşı oğlu, 12 yaşlı Samir Şahin oğlu Əliyev anidən Kürün dərin hissəsinə düşüb. Uşağın boğulduğunu görən Azər Əliyev qardaşı oğlunu xilas etmək üçün özünü çaya atıb. Qardaşı oğlunu çayın dərinliyindən çıxarmaq üçün bir neçə dəfə cəhd edib. Lakin sonda Azər Əliyev də qardaşı oğlu ilə birlikdə çaya batıb.

 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Salyan sulardan xilasetmə məntəqəsinə məlumat verilib. Dərhal hadisə yerinə xilasediclər gəlib. Axtarışlar zamanı azyaşlı Samir Əliyevin meyiti çaydan çıxarılaraq aidiyyati üzrə təhvil verilib. Azər Əliyevin axtarışları davam edir.

Qeyd edək ki, 3 uşaq atası olan Azər Ağabəy oğlu Əliyev Nəriman Nərimanov adına qazçıxarma idarəsində qazmaçı işləyirmiş. Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı