Vurulan təyyarədə ölənlərdən 154-ü Hollandiya vətəndaşı olub

“Malaysia Airlines” aviaşirkəti Ukraynada təyyarə qəzasında ölən sərnişinlərin hansı ölkənin vətəndaşı olduğu barədə ilkin açıqlama yayıb. “Boeing 777” təyyarəsinin göyərtəsində 154 Hollandiya, 27 Avstraliya, 23 Malayziya, 11 İndoneziya, 6 Britaniya, 4 Almaniya, 4 Belçika, 3 Filippin və 1 Kanada vətəndaşının olduğu açıqlanıb.

 

Dəqiqləşdirilmiş məlumata görə, qəza zamanı təyyarədə 3-ü uşaq olmaqla 283 sərnişin və 15 ekipaj üzvü olub. Bundan əvvəl bir sıra KİV-də təyyarənin göyərtəsindəki 280 sərnişindən 80-nin uşaq olduğu barədə məlumat yayılmışdı.

 

APA TV-nin xəbərinə görə, digər sərnişinlər barədə barədə hələ ki, məlumat yoxdur. "İtar-Tass"ın xəbərinə görə, Amsterdamdan Kuala Lampura gedən Malayziya hava yollarına məxsus təyyarə Rusiya sərhədindən 60 kilometr uzaqlıqda Ukrayna ərazisinə düşüb. Həmin ərazidə Ukrayna ordusu ilə  separatçılar arasında şiddətli döyüşlər gedir.

 

Təyyarənin raketlə vurulduğu bildirilir. Ukrayna Daxili İşlər Nazirliyinin sözçüsü Anton Qareşenko facebook hesabından təyyarənin 10 minmetr hündürlükdə, 22 min metrə hündürlüyə qədər qalxa bilən raket sistemi ilə vurulduğunu yazıb.

 

Ukrayna prezidenti Petro Paraşenko Malayziya və Hollandiya nümayəndələrinin də daxil olduğu beynəlxalq komissiya qurulmasını tələb edib. O bildirib ki, "Boeing 777" son günlərdə "AN 26" və "Su 25" tipli təyyarələrin ardından vurulan üçüncü təyyarədir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı