Lənkəranda imkanlı adamların evlərini talayan oğru dəstəsi tutulub


Lənkəran polisi rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən 7 nəfərdən ibarət dəstəni zərərsizləşdirib. APA TV-nin cənub bürosunun məlumatına görə, dəstə oğurluq hadisələrinə bu ilin yanvar ayından başlayıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində məlum olub ki, rayonun Küvənil kənd sakini Elşad Hüseynov, tanışları Seymur Rəhimov, Mənsur Mahmudzadə, Məcid Əliyev və Faiq Əliyevlə birlikdə iyulun 12-də axşam saatlarında rayonun Parakənd kəndində Ruslan Hüseynova məxsus evin pəncərəsinin şüşəsini sındıraraq evə daxil olublar. Seymur Rəhimov və Mənsur Mahmudzadə evdən 2500 manat nağd pul və xeyli miqdarda qızıl ziynət əşyaları oğurlayıblar. Saxlanılan dəstə üzvləri tutduqları əməli etiraf edərək bildiriblər ki, bu ilin yanvar ayının 12-də Ruslan Əliyev, tanışı Vüqar Tahirovla rayonun Seydəkəran kəndində yaşayan Nəfisə Əliyevanın da evinə eyni üsulla daxil olublar. Oğrular buradan 1500 manat dəyərində qızıl zinət əşyaları və 60 manat nağd pul oğurlayıblar. Bundan başqa Vüqar Tahirov, Faiq Əliyevlə aprel ayının 4-də Samirə Məmmədovanın evindən 1 ədəd 100 qramlıq qolbaq və bir ədəd 100 qramlıq qızıl boyunbağı oğurlamaqla, zərərçəkmişə 3400 manat miqdarında ziyan vurublar.


Hazırda rayon polis şöbəsində onların digər cinayətlərdə əllərinin olub olmaması araşdırılır. Artıq saxlanılanlar barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Lənkəran rayon polis şöbəsində         Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv