FHN Akademiyasının kursantlarının buraxılışı keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının kursantlarının buraxılışı keçirilib. APA TV-nin xəbərinə görə, tədbirə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Prezident Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev və FHN-in müvafiq strukturlarının rəhbərləri, məzunların valideynləri qatılıblar.  Akademiyanı fərqlənmə ilə bitirmiş kursant Sənan Nəsirli çıxış edərək, onlara göstərilən etimadı doğruldacaqlarını bəyan edib. Məzunları və onların valideynlərini təbrik edən nazir Kəmaləddin Heydərov bildirib ki, bu gün məzun olan kursantlar akademiyada ali təhsil almaqla yanaşı, vətəninə, dövlətinə sadiq insan kimi yetişiblər.

 

Nazir bildirib ki,  təhsil müddətində onlar eyni zamanda əsgəri xidmətlərini keçiblər. Səkkiz il əvvəl yaradılmış Azərbaycan FHN-in bu gün böyük imkanlara malik olduğunu söyləyən nazir hazırda 8 regional mərkəzin maddi-texniki bazasının Bakıdakı kimi olduğunu deyib. Nazir daha sonra akademiyanı fərqlənmə ilə bitirən məzunlara diplom və leytenant paqonları təqdim edib.

 

Kursantlar diplomları aldıqdan sonra təntənəli marşla keçid ediblər. Daha sonra valideynlər məzunların yaxınları onlarla görüşüb xatirə şəkli cəkdiriblər.

Qeyd edək ki, FHN Akademiyası Azərbaycan prezidentinin 2 iyul 2008-ci il tarixli sərəncamı ilə yaradılıb. Burada  təhsil Boloniya prosesinə uyğun qurulub.

 

Müəllif | Apa.Tv