“Mehriban Əliyeva. Tərəqqi və Yüksəliş yolları ilə” kitabı təqdim olundu

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunmuş “Mehriban Əliyeva. Tərəqqi və Yüksəliş yolları ilə” kitabının təqdimat mərasimi keçirilib. APA TV-nin xəbərinə görə, iki cildlik kitab M. Əliyevanın xeyirxah əməllərindən, ölkəmizin inkişafında müstəsna rolundan bəhs edir.

 

Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, kitabda sənədli faktlara əsaslanaraq, Mehriban Əliyevanın Azərbaycanın birinci xanımı və Heydər Əliyev Fondunun prezidenti kimi əsas fəaliyyət istiqamətləri geniş əks olunub: "Kitab, həmçinin müasir dövrün möhtəşəm qadınının unikal, kreativ, yorulmaz işini qarşımızda canlandırır. Eyni zamanda kitabda Fondun və Mehriban xanımın təşkilatçılığı və dəstəyi ilə ölkədə keçirilən beynəlxalq, sosial, təhsil, səhiyyə sahələrində reallaşan çoxşaxəli tədbirlər haqqında ətraflı məlumat verilib”.

 

Baş nazirin müavini Elçin Əfəndiyev isə kitabda M. Əliyevanın maarifçilik və xeyriyyəçilik fəaliyyətinin geniş şəkildə əks olunduğunu bildirib.

Bildirlib ki, M. Əliyeva beynəlxalq aləmdə humanist fikirləri, xeyriyyəçilik fəaliyyəti ilə dünyanın bəzi xeyriyyəçi insanları ilə müqayisə olunur. Onun sosial, xüsusilə təhsilə dəstək layihələri təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində həyata keçirilir.

 

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı