Yayda günəş şüalarından necə qorunmalı? - REPORTAJ

Yayda günəş şüalarının təsirinə məruz qalan ən həssas bölgə dəridir. Mütəxəssislər dərinin sağlamlığını qorumaq üçün bir sıra tövsiyələr irəli sürür. Həkim-dermatoloq Leyla Mirzoyeva hesab edir ki, yay aylarında açıq rəngli və qoruyucu tərzdə geymək, günəş gözlüyündən istifadə etmək, geniş kənarlığı olan papaqlarda gəzmək lazımdır.

 

"UV şüalarının ən sıx olduğu 11:00-13:00 saatları arasında kölgədə qalmağa çalışın. Günəşə çıxmadan yarım saat əvvəl bədənə günəşdən qoruyucu krem sürtülməlidir. Bu kremlər 4-5 saatdan bir yenilənməlidir. Eyni zamanda dənizdə bu kremlərdən daha sıx istifadə etmək lazımdır. Yayda isti ilə əlaqədar dəridə quruma prosesi gedir. Ona görə də bol maye qəbul etmək lazımdır. Uzun qollu incə paltarlar  geyinmək lazımdır ki, bədənin qol və boyun hissələrini günəş yandırmasın".

 

Leyla Mirzoyevanın sözlərinə görə, günəş şüalarının müsbət təsir göstərdiyi çox nadir dəri xəstəlikləri var, ümumilikdə isə belə şüalar dəriyə ziyandır. Bu səbəbdən günəşli havada bədəni mümkün olduğu qədər çox örtə bilən açıq rəngli, uzun qollu köynək, şalvar geymək məsləhət görülür. Bundan başqa Günəş şüalarından 100 faiz qoruyan eynəklərdən istifadə etmək lazımdır. Çünki bu cür günəş eynəkləri katarakta və gözə təsir edən zərərli şüaları azaldır. Günəş gözlüyü alarkən etiketini mütləq oxumaq lazımdır. Dermatoloqun sözlərinə görə, günəş kremlərindən istifadə edərkən də diqqətli olmaq lazımdır. Bundan əlavə yay fəslində günəş kremlərindən təkcə çimərlikdə deyil, günlük həyatımızda da istifadə etməliyik. 

 

"Günəş kremlərinin markalarının və qiymətinin çox böyük əhəmiyyəti yoxdur. Yüksək qiymət heç də keyfiyyətdən  xəbər vermir. Əgər dəriniz yağlıdırsa, sızanağa meyllidirsə, yağsız günəş qoruyucu kremdən istifadə etməlisiniz. Əsas diqqət edəcəyimiz məqam isə kremin üzərində SPF faktorunun yazılmasıdır. Bu faktor kremin tərkibində 50 olmalıdır. Bu rəqəm 50-dən artıq olsa da, dəri üçün problem yaratmır. Amma 50-dən aşağı olduqda,  dəridə günəş yanığı yarana bilər. 50 faktorlu SPF kremləri dəriyə incə çəkilməlidir və 4-5 saatdan bir krem yenilənməlidir".

 

Leyla Mirzoyeva 6 aydan kiçik körpələrin uzun müddət günəşdə qalmamasını məsləhət görür. Onun sözlərinə görə, günəşdən qorunmağa erkən uşaqlıq yaşlarında başlanılmalıdır.

 

 

"Günəş şüaları uşaqlarda raxitizm xəstəliyinin qarşısını alır. Amma bir yaşında uşaqlar "rutin" qəbul etdiyindən bu elementin tərkibindəki ionları artıq günəş şüalarından qorumaq lazımdır. Ən asası uşaqlar üçün də günəşdən qoruyucu kremlərdən istifadə olunmalıdır. Bu gün yaranın dəri xərçənglərinin əsas səbəbi məhz uşaqların 7-8 yaşlarında aldığı günəş şüalarıdır. Şiddətli günəş yanığı dəri xərçəngi ilə nəticələnir. Ümumiyyətlə dərisinin rəngi açıq olan uşaqlar, kişi və qadınlar, hətta qocalar belə günəş kremlərindən mütləq istifadə etməlidir".

 

Həkim-terapevt Gülsənəm Nuriyeva isə deyir ki, ultrabənövşəyi şüalanma orqanizmdə toplana və illər keçdikdən sonra öz fəsad verə bilər: "Ürək və qan təzyiqi problemi olanlar, uşaqlar, qocalar, hamilə qadınlar, kök insanlar, xərçəng xəstələri çox ciddi şəkildə günəşin zərərli təsirindən qorunmalıdırlar. Belə insanlar gün altında çox enerji sərf etməkdən çəkinməli, qapalı və havasız yerlərdə uzun müddət qalmamalıdır”. Həkimlər xüsusi risk qrupu altında olan insanlara günəşli havalarda tez-tez ilıq su ilə duş qəbul etməyi də məsləhət görür. Mütəxəssislərin fikrincə, günəş şüaları həm dərinin hüceyrə quruluşunu pozur, həm də immunitet sistemini azaldaraq xərçəngin inkişafına səbəb olur. Sonda hər kəsə bu yayı qadasız-bəlasız başa vurmağı arzulayırıq. 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı