Əli Həsənov: "Ermənilər iki vətənpərvər azərbaycanlıya işgəncə versələr..."

Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan və Xankəndi ofislərinin əməkdaşları işğal altında olan Kəlbəcər rayonunda girov götürülən azərbaycanlılarla görüşə bilməyiblər. APA TV-nin xəbərinə görə, bunu Azərbaycan Respublikası baş nazirinin müavini, Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ağdamda jurnalistlərə bildirib. Əli Həsənov Ermənistan tərəfinin əsir və girov götürülmüş şəxslərlə davranış qaydalarını tənzimləyən beynəlxalq aktları pozduğunu açıqlayıb.

O bildirib ki, Kəlbəcərdə girov götürülən şəxslər mülki adamlardır və onlara qarşı beynəlxalq qaydalara uyğun davranılmalıdır.

 

"Bunlar bu günə qədər onlarla əlaqəyə girə bilməyiblər. Nə İrəvan ofisi, nə Xankəndi ofisi. Bu, bir daha göstərir ki, Ermənistan tərəfi Beynəlxalq Konvensiyaların bütün qərarlarını pozur. Ermənistanla Beynəlxalq Qırmızı Xaç Komitəsinin müqavilələri var, bunu pozurlar.  Onların daxili nizamnaməsinə riayət etmirlər".

 

Girov götürlən şəxslərə erməni tərəfinin işgəncə verildiyi haqda məlumatlar mövcuddur. Bu isə tərəflər arasında onsuz da gərgin olan vəziyyəti daha da ağırlaşdıracaq.

 

"Əgər Ermənistan rəhbərliyi, Ermənistan xüsusi xidmət orqanları o iki vətənpərvər şəxsə işgəncələr versələr və bu sonra aşkar olunsa, iki xalq arasında nifaqı yaradıblar, bu nifaqı 10 dəfə artıracaqlar. Azərbaycan xalqı, xüsusi ilə məcburi köçkünlər o iki vətənpərvər şəxsi qəhrəman hesab edir. Ona görə də, Ermənistan xüsusi xidmət orqanları bunu gərək bilsinlər, sabah bir erməni bura əsir düşə bilər. Onda həmin hərəkəti məcbur olub Azərbaycan tərəfi də təkrarlaya bilər. Azərbaycan tərəfi heç vaxt girovlara işgəncə verməyib bu günə kimi. Onlar edəcəksə, bizim də aidiyyəti orqanlar buna göz yummayacaq".

 

Baş nazirin müavini bildirib ki, Kəlbəcərdə girov götürülən şəxslərlə əlaqə saxlanması üçün BQXK qarşısında ciddi məsələ qaldırılıb.

 

"Nə üçün bir girov düşən kimi, bir nəfər sərhədi səhvən keçən kimi Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan dövlətinə müraciət edir və dərhal görüş təmin edilir? Ermənistan tərəfinə niyə etmir? Ona görə mən Beynəlxalq Qırmızı Xaç Komitəsinə ciddi xəbərdarlıq etdim. Əgər buna nail olmasalar onların Azərbaycandakı ofislərinə qarşı çox ciddi tədbirlər görüləcək. Hətta ölkədən çıxarılmaq həddinə qədər. Ona görə zəhmət çəkib işlərini görsünlər".

 

Əli Həsənov deyib ki, bu məsələ Azərbaycan prezidenti tərəfindən nəzarətə götürülüb və aidiyyəti qurumlara tapşırıqlar verilib.

 

Müəllif | Apa.Tv