Cəlilabadda mina həyəcanı! Mümkün faciənin qarşısı alındı

Cəlilabadda mina həyəcanı yaşanıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə şəhərin Hüseyin Cavid küçəsində qeydə alınıb. Qazılmış kanalizasiya xətləri üçün gətirilmiş torpaq arasında üzə çıxan dairəvi dəmir parçası uşaqlardan başqa heç kimi maraqlandırmayıb. Küçədə oynayan uşaqlar üzə çıxan əşyanı traktorun ehtiyat hissəsi olduğunu zənn edərək, onu evlərinin lap yaxınlığına aprıblar. Lakin həmin küçənin sakini Rafət Məmmədov  əşyanı diqqətlə nəzərdən keçirdikdən sonra onun heç də adi dəmir parçası deyil,  tank əlieyhinə  partlamamış mina olduğu qənaətinə gəlib.

 

Hadisə yerinə  çağırılan rayon polis şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dərhal ərazini nəzarətə götürməklə sakinləri uzaqlaşdırıblar. Daha sonra hadisə yerinə gəlmiş Daxili Qoşunların minaların zərərsizləşdirlməsi üzrə mütəxəssislərinin köməyi ilə partlamamış hərbi  sursat ərazidən uzaqlaşdırlaraq zərərsizləşdirilib.

 

Qeyd edək ki, tapılan  mina 150 metr radisunda yerləşən yaşayış məntəqələrində güclü dağıntılar törətmək gücünə malik olub.

Müəllif | Apa.Tv