Oyuncaq meymun, xallı maral, 20 yaşlı şir - Bakı Zooparkından REPORTAJ
"Bakı Zooloji Parkının hazırda zooparkın ərazisi 4 hektar olsa da onun sadəcə 2 hektarından istifadə edilir. Zooparkda 150 növə yaxın heyvan saxlanılır ki, bu da say ilə desək 1200-ə yaxın heyvan deməkdir".
Bunları APA TV-yə müsahibəsində Bakı Zooloji Parkının direktoru Azər Hüseynov deyib. Zooparka son dövrlər gətirilən heyvanlara gəlincə Azər Hüseynov qeyd edib ki, kenqurular, meymunlar, lamalar və bir ədəd yaquardır.
"Bu günlərdə Moldova Zooloji Parkından 2 baş "oyuncaq meymun"u qəbul etmişik. Gətirilən heyvanlar artıq karantindədir. Bu çox maraqlı heyvandır və artıq gələn qonaqlar da, şəhər sakinləri də onunla tanış ola bilərlər".
Azər Hüseynov bizimlə söhbətində bildirdi ki, bu günlərdə noyabr ayında Tbilisi Zooloji Parkından gətirilən meymun, xallı maral, Qafqaz nəcib maralı və iki baş canavar doğub. Parkın direktoru yeni gətirilən heyvanların ölkə iqliminə öyrəşməkdə bir qədər çətinlik çəkdiyini də deyir. Azər müəllim deyir ki, fəslindən asılı olmayaraq heyvanlara qulluq etmək çox maraqlıdır. O ki qaldı yayın istisində heyvanlara göstərilən diqqətə...
"Bu əsasən ayıların və timsahın su hovuzlarının təmiridir. Bu yaxınlarda leopardın, yaquarın, flaminqoların, soltan toyuqlarının su hovuzları təmir edilib. Hazırda abadlıq işləri davam edir".
Baytarlıq nöqteyi-nəzərdən heyvanlar sağlamdır. Vaxtlı-vaxtında profilaktik tədbirlər həyata keçirilir.
"Profilaktik tədbirlər hər zaman diqqətdədir. Deqelemizasiya, birələr və gənələrə qarşı ciddi mübarizə tədbirləri davam etdirilir. Heyvanlara vaxtaşırı vitaminlərin verilməsi, ildə bir dəfə isə elə heyvanlar var ki, onlar bruselyoz və vərəm əleyhinə peyvənd olunur. Onlardan qan analizləri götürülür, respublika baytarlıq laboratoriyasında yoxlanılır. Canavar, tülkü və ayılara isə quduzluq əleyhinə peyvəndlər vurulur".
Zooparkın ziyarətçilərini ən çox kimlər təşkil edir sualına gəlincə Azər Hüseynovun sözlərinə görə, ən çox maraq göstərənlər daha çox məktəb yaşlarındakı azyaşlılar və yeniyetmələrdir. Əsasən, məktəblər tətilə çıxdıqdan sonra zooparka daha çox axın olur. Azər Hüseynov deyir ki, yeni heyvanların gətirilməsi əsasən mübadilə vasitəsilə həyata keçirilir.
"Bakı Zooloji Parkı Avrasiya Zooparklar və Akvariumlar Assosiasiyasının üzvüdür. Məhz elə buna görə də biz heyvanları pul ilə yox, mübadilə yolu ilə gətiririk. Yeni gətirdiyimiz "oyuncaq meymun"ları da məhz bu üsulla Tbilisi Zooloji Parkından gətirmişik. Mübadilə yolu ilə soltan toyuqları onlara təhvil verilib, əvəzində isə yeni heyvanlar gətirilib. Ən çox əməkdaşlıq etdiyimiz Gürcüstan və Moldova zooparklarıdır".
Azər müəllim zooparkın ən yaşlı nümayəndəsinin "Maykl" adlı erkək şir olduğunu deyir. Bu şirin 20-yə yaxın yaşı var. "Əslində vəhşi təbiətdə şirlər adətən bu yaşa qədər yaşamırlar. Buna əsas səbəb isə yaşlı şirlərin ov edə bilməməsi və bu səbəbdən öz sürülərindən qovulmasıdır. Belə olduqda isə onlar ya aclıqdan ölür ya da digər yırtıcılar tərəfindən parçalanırlar". Müsahibim zooparkda ziyarətçilərlə bağlı problemlər olmasına da diqqət çəkdi. "Dəfələrlə xəbərdarlıq etsək də bəzi insanlar hələ də heyvanları qidalandırmağa cəhd göstərirlər. Bununla bağlı bir çox yerlərdə lövhələr də asılıb. Zooparkı ziyarət edən insanlar başa düşməlidirlər ki, onların heyvanları bu cür qidalandırmağa cəhd etmələri həm insanların özünün təhlükəsizliyi üçün həm də heyvanların sağlamlığı üçün çox təhlükəlidir. Ancaq burada mütəmadi nəzarətlə belə halların qarşısını alırıq". Zooparkdakı gəzintimiz zamanı burada Qırmızı kitaba düşmüş berkut, qara kərkəs, ağbaş kərkəs, qartalların bir sıra növləri, qırqovul, sultan toyuğu kimi quşların da mövcud
olduğunu gördük. Məni Bakı Zooloji Parkında təəssüfləndirən yeganə məqam isə zooparkın ərazisi ilə bağlıdır. Yalnız 2 hektarlıq ərazisi fəaliyyət göstərən
zoopark bu cəhətdən nəinki böyük ölkələrin zooparklarından, hətta kiçik qonşu
ölkələrdən də geri qalır. Zooparkın ərazisinin kiçik olması bəzi heyvanların rahat hərəkət etməsinə və özlərini təbiətdəki kimi rahat hiss etmələrinə mane olur. Bununla bağlı müsahibimiz yaxın gələcəkdə yeni zooparkın tikintisinin planlaşdırıldığını qeyd etdi. Xatırladım ki, Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin tabeliyində qeyri-kommersiya hüquqi şəxsi statusuna malik zooloji parkın yaradılmasının təmin edilməsi ilə bağlı 2008-ci il 26 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sərəncam imzalanıb.