Qəbələ növbəti beynəlxalq musiqi festivalına hazırlaşır

Son illər Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi altında Azərbaycanda çoxsaylı mədəniyyət layihələri həyata keçirilir. Bu mədəniyyət tədbirlərindən olan Qəbələ Beynəlxalq Musiqi Festivalı öz möhtəşəmliyi ilə musiqisevərlərin rəğbətini qazanıb.

APA TV-nin məlumatına görə iyulun 23-dən başlayaraq qədim Qəbələ şəhəri Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihəsi olan bu musiqi festivalına yenidən ev sahibliyi edəcək. Qəbələ şəhərində avqustun 1-dək davam edəcək festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər. Hazırda festivalın keçiriləcəyi ərazidə musiqi bayramına ciddi hazırlıq işləri görülür. Rayon icra hakimiyyətinin, idarə və təşkilatların birgə səyi ilə Qəbələnin küçələrində, park və bağlarında abadlıq işləri həyata keçirilib, gecə işıqlandırma sistemi qaydaya salınıb, şəhərdə səliqə-sahman yaradılıb.


Hazırda festivalın proqramına uyğun olaraq açıq hava altında keçiriləcək konsertlər üçün səhnə quraşdırılır.

Xatırladaq ki, festivalda Rusiya, Türkiyə, Cənubi Afrika, ABŞ, Kanada, Fransa, Avstriya, İsrail, Ukrayna, Koreyadan dünya şöhrətli dirijorlar, musiqiçilər və kollektivlər iştirak edəcəklər.

      

 

 

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov