Ermənilər çayda balıq tutan Tərtər sakinini vurublar

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində bir nəfər mülki şəxs ölüb. APA Tv-nin məlumatına görə, Tərtər şəhər sakini Mübariz Əliyev Çaylı kəndi yaxınlığında Tərtər çayı sahilində balıq tutarkən Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən açdığı atəş nəticəsində həyatını itirib.

Düşmənin açdığı atəş nəticəsində həyatını itirən Əliyev Mübariz İsrafil oğlunun meyitini hələ də götürmək mümkün olmayıb. Erməni hərbiçiləri əraziyə yaxınlaşan hər kəsi atəşə tutur. Yerli sakinlər bu işdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bərdə ofisinin əməkdaşlarının kömək edəcəklərinə ümid bəsləsələr də, bu qurumdan bir xəbər çıxmayıb.

Həlak olan Mübariz Əliyevin anası oğlunun dünən günorta saatlarında evdən çıxıb bir daha geri qayıtmadığını deyib.

İki uşaq atası olan Mübariz Əliyevin meyitini götürmək istəyən yerli polis şöbəsinin əməkdaşları da ermənilərin atəşinə məruz qalıblar. Yalnız günün sonuna yaxın, Azərbaycan hərbiçilərinin müdaxiləsi nəticəsində cəsədi hadisə yerindən götürmək mümkün olub.

Müəllif | Apa.Tv