Müdafiə naziri Tərtərdə qəzaya düşən hərbçilərlə bağlı əmr imzalayıb

Azərbaycanın müdafiə naziri Tərtərdə qəzaya düşən hərbçilərlə bağlı əmr imzalayıb.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə,  iyulun 19-da saat 23.40 radələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Əhlimanlı Koroğlu Elman oğluna məxsus "VAZ 2107" markalı avtomobildə idarəetmənin itirilməsi nəticəsində qəza baş verib.

 

Nəticədə 24 yaşlı, 2008-ci il tarixdə Zaqatala rayonundan hərbi xidmətə çağırılmış leytenant Əsgərzadə Anar İlham oğlu vəfat edib.

 

Hadisə nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - Tərtər rayonundan hərbi xidmətə çağırılmış 20 yaşlı kiçik çavuş Rəfizadə Nurlan Rəfail oğlu, 21 yaşlı əsgər Əhlimanlı Koroğlu Elman oğlu  və 22 yaşlı  Emin Bəylərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Hərbi qulluqçulara ilkin tibbi yardım göstərildikdən sonra onlar hospitala yerləşdiriliblər.

 

Koroğlu Əhlimanlının vəziyyəti stabil ağır, Nurlan Rəfizadə və Emin Bəylərovun vəziyyəti isə kafi qiymətləndirilir.

 

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən xəsarət alanlara xüsusi tibbi yardım göstərilməsi üçün müasir tipli reanimobillə Silahlı Qüvvələrin baş neyrocərrahı və reanimatoloqu təcili hadisə yerinə ezam olunublar.

Müəllif | Apa.Tv
Elvin Bayramlı