Qəzzada qanlı bazar
İsrailin Qəzzadakı hərbi əməliyyatı bazar günü 100-dən çox fələstinlinin həyatına son qoyub. Ötən gün vəziyyətin gərginləşdiyi iki həftə ərzində ən qanlı gün olub.
Qəzza şəhərinin şərqindəki Şücaiyyə rayonunun atəşə tutulması nəticəsində 60-dan çox adam ölüb. Ümumilikdə, İsrailin Qəzzaya 10 günlük hava hücumları, daha sonra üç gündür davam edən quru əməliyyatları nəticəsində 438 nəfər ölüb, yaralıların sayı 3000 nəfəri ötüb.
83 mindən çox fələstinli qaçqına çevrilib. Onlar BMT-nin himayəsi ilə yaradılmış 61 düşərgədə yerləşdirilib. BMT-nin fələstinli qaçqınlara yardlm agentliyinin mətbuat katibi Kris Ginness bildirib ki, son dörd gün ərzində daxili köçkünlərin sayında 400 faizlik artım var.
İsrail ordusu da bazar günü 2006-cı ilin İkinci Livan müharibəsindən sonra ən ağır itkisini verib. Fələstinli döyüşçülərlə toqquşmalarda 13 İsrail əsgəri ölüb. Beləliklə, İsrail ordusunda itkilərin sayı 20-yə çatıb.