Orxan Zeynalov son söz dedi - YENİLƏNİB

Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun məhkəmə prosesi davam etdirilib.

 

APATV-nin  Moskva müxbirinin verdiyi məlumata görə, Moskva Şəhər Məhkəməsində keçirilən prosesdə öncə dövlət ittihamçısı çıxış edib, Orxan Zeynalova 10 ilini ağır rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il həbs cəzası verilməsini istəyib.

 

Sonra Orxan Zeynalovun vəkilləri müdafiə nitqi ilə çıxış ediblər. Vəkil Viktor Anikuşkin bildirib ki, Rusiya hüquq-mühafizə orqanları təqsirsizlik prezumpsiyasına tüpürüb: “Orxan Zeynalov saxlanılan zaman kobud qanun pozuntusuna yol verilib. Bütün televiziya kanallarında da bu göstərilib. Orxan saxlanılan zaman ona elektroşok verilib, döyülüb, cinayət işi üzrə yeganə şahid olan Kseniya Popovanın ifadələrində həm istintaq, həm də məhkəmə zamanı ziddiyyətli məqamlar aşkar olunub. O, istintaq və məhkəmə zamanı Orxanla Yeqor arasında mübahisənin hansı səbəbdən baş verdiyini deyə bilməyib. Orxan Zeynalov, özünün dediyi kimi günahsızdır, cinayət törətməyib. Hesab edirik ki, ona bəraət verilməlidir” .

 

O. Zeynalovun digər vəkili Abbasmirzə Abdullayev də K. Popovanın ifadəsində ziddiyyətli məqamların olduğunu söyləyib: “Biz məhkəmədən Kseniya Popovanın yalan detektorundan keçirilməsini tələb etdik. Lakin vəsatətimiz təmin olunmadı ” .

Daha sonra prosesdə O. Zeynalov son söz deyib. O, günahkar olmadığını deyib:  “Hadisə baş verən gün Moskvada olmamışam. Bütün bunlar əvvəlcədən hazırlanmış ssenaridir. Çünki “Pakrov” bazarını bağlamaq istəyirdilər. Ona görə də bunu düzüb-qoşdular. Mən bu gün günahsız yerə burda oturmuşam. Yeqorun ölüb-ölmədiyini deyə bilmərəm. Amma onu deyə bilərəm ki, mən heç kimi öldürməmişəm. Allah hamısını görür. Mən onu öldürsəydim, Rusiyadan qaçardım”.

 

Məhkəmə hökmünün iyulun 28-də elan olunacağı bildirilib.

 

Müəllif | Apa.Tv
Fərid Əkbərov