Ukrayna ordusu hücuma keçdi

Ukrayna Silahlı Qüvvələri və Milli Qvardiyası ölkənin şərqində separatçıların əlində olan Luqansk və Donetsk şəhərlərinə doğru bir neçə istiqamətdən hücuma başlayıb. APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, antiterror əməliyyatına cəlb olunmuş qüvvələr Luqansk vilayətinin Rubejnoye şəhərinin bütün perimetrini nəzarətə götürərək şəhəri separatçılardan təmizləməyə başlayıb. Vilayətin Lisiçansk şəhəri də mühasirəyə alınıb. Ukrayna daxili işlər nazirinin müşaviri Zoryan Şkiryak ordunun Luqansk vilayətinin Severodonetsk şəhərinə daxil olduğunu və Lisiçansk şəhəri istiqamətində hərbi əməliyyatların davam etdiyini bildirib. “Rusiyalı terrorçuların ətrafında mühasirə həlqəsi daralır, hücum davam edir. Severodonetsk şəhərinə daxil olmuşuq, Lisiçansk, Rubejnoye və Popasnaya şəhərlərində separatçılar sıxışdırılır, onlar vacib magistral yollardan təcrid edilib. Terrorçu dəstələrin başçıları panikadadır və bir-biriləri ilə mübahisə edirlər, bir-birini şantaja keçiblər. Onlardan bəziləri qaçmağa çalışsa da, Putin onları Rusiyaya buraxmağı qəti qadağan edib”. Ukrayna ordusunun tankları Donetsk şəhərindən 44 km məsafədə yerləşən və “Bes” ləqəbli terrorçu İqor Bezlerin nəzarətində olan Qorlovka şəhərinə bitişik Mayorsk stansiyasına da daxil olub. Şəhərin mərkəzində atəş səsləri eşidilir. Separatçıların “Qrad” qurğularından ordu hissələrinə atəş açdığı xəbər verilir. Qondarma “Donetsk Xalq Respublikası”nın “baş komandanı” olan Strelkov ləqəbli Rusiya vətəndaşı İqor Girkin Donetsk istiqamətində gedən döyüşlər barədə məlumat verib. “Düşmən Avdeyevka qəsəbəsinə daxil olaraq oradan Donetsk şəhərinin dəmir yoluna doğru hərəkət etməyə başlayıb. Peski, Karlovka, Netaylovodakı mövqelərimiz eyni anda hücuma məruz qalıb. Düşmən 15 tankla Debaltsevoya soxulub. Dzerjinskdə Milli Qvardiya ilə döyüş gedir”. İ. Girkinin sözlərinə görə, Rusiyanın qəti qərar qəbul etməsinin vaxtı çatıb: “Rusiya nəhayət, qərar verməlidir ki, Donbassdakı rusları müdafiə edəcək, yoxsa onları birdəfəlik satacaq?! Qalan başqa şeylər üçün vaxt itirilib. Üç aylıq fəaliyyətsizlik düşmənin öz qüvvələrini artırmasına və döyüş qabiliyyətli ordu yaratmasına imkan verib”.


 

 

Müəllif | Apa.Tv
Apa.tv