Bölgələrdə çimərlik problemi: İnsanların həyatı təhlükədədir

 

Bölgələrdə yaşayan çimərlik həvəskarları yay fəslində ancaq su kanallarından, gölməçələrdən istifadə etməli olurlar. Bu cür şəraitdə çimənlər öz həyatlarını təhlükə altına atdıqlarını bilsələr də, başqa yollarının olmadığını deyirlər. APA TV-nin yerli bürosuna verilən məlumata görə, yerlərdə adamlar daha çox "Qarabağ" su kanalının Bərdə, Ağdam, Ağcabədi rayonlarından keçən qollarından istifadə edirlər.

 

"Sərinləmək üçün gəlmişəm. Burada şərait yoxdur, kanal var.  Bir iki saatdan sonra buraya 50-60 nəfərdən çox adam gələcək sərinləməyə. Məcburuq burda sərinləyək. Yolun alt tərəfində də var . Yəni orada da sərinləyirlər. Kanalda zir-zibild çoxdur. İnsan üçün də təhlükəlidi".

 

Bölgələrdə yaşayan qadınların çimərlikdən istifadə etməsi isə heç cür mümkün deyil. Çimərlikdə ailəvi istirahət etmək istəyənlərin bu arzusu reallaşmamış qalır.

 

"Ailəvi bura  heç kim gələ bilməz. Ancaq axşam gələ bilərlər".

 

"Ağcabədi rayonunda  çimməyə başqa yer yoxdu. Biz də məcburuq bura gələk sərinləməyə. Gələnlər çoxdur. Qorxuludur, təhlükəlidir. Amma buna baxmayaraq gəlirik ki, çimək. Başqa yer olsa mənə elə gəlir ki, bura heç kim gəlməz. Batanlar da olub, ölənlər də olub. Amma ona baxmayaraq məcburən hamı gəlir çimir".

 

Ağcabədi Mərkəzi Rayon Xəstəxanasından verilən xəbərə görə, yay fəsli başlayandan artıq suda boğulma faktı ilə iki müraciət daxil olub. Bu barədə Ağcabədi MRX-nın şöbə müdiri Vaqif Bağırov məlumat verib.

 

"Hər il yay mövsümündə çimərlikdə boğulma halları tez- tez baş verir. Ən çox gənclərin çayda  üzməsi nəticəsində boğulma hallarına rast gəlmək olur. Bu il ötən ilkinə nisbətən boğulma halları azdır. Bir nəfər cavan oğlan gətirilib. Yardım olunub evə buraxılıb. Bir nəfər də balaca uşağın kiçik bir kanalda boğulma faktı olub. Ona da yardım ediib, evə buraxılıb".

 

Ağcabədi  Gənclər və İdman İdarəsindən isə bildirilir ki, bu gün yeniyetmə və gənclərin, eləcə də digər sakinlərin çimərlikdən istifadə etməsi üçün şərait yoxdur. Amma rayon ərazisində Olimpiya-İdman Kompleksi inşa olunur. Tikinti işləri başa çatdıqdan sonra Ağcabədi və ətraf rayonların sakinləri buradakı üzgüçülük mərkəzindən istifadə edə biləcəklər.

 

"Ağcabədidə çimərlik voleybolu idman növü hazırda fəaliyyət göstərmir. Uşaqlar çimərliklə bağlı istirahət düşərgələrinə gedən zaman orda məşğul olurlar. Qarabağ kanalı Ağcabədi rayonunun ərazisindən keçir. Mən sözün düzü orda çimənləri hələ görməmişəm. Amma əlbəttə ki, Qarabağ kanalı dərin kanaldı. Yəqin ki, valideyn icazə vermirsə uşaqlar orda çimməzlər. Cənab prezident İlham Əliyevin sərəncamı ilə Ağcabədi rayonunda İdman Olmpiya Kompleksi tikilir.  Olimpiya kompleksi tikiləndən sonra bütün suallar öz əksini tapacaq. Ağcabədidə idman növlərinin həmçinin çimərlik voleybolunun, eyni zamanda bütün idman növlərinin inkişafına öz töhfəsini  layiqincə verəcəkdir".

 

Bölgədə  yalnız Bərdə Olimpiya İdman Kompleksində üzgüçülük hovuzu var. Burada da xidmətlər pullu olduğundan gələnlərin sayı çox olmur..

 

Müəllif | Apa.Tv