Lerikdə meşə massivi yanıb

Lerik rayonunun Piran ərazisindəki meşə massivi yanır. APA TV-nin cənub bürosunun məlumatına görə, yanğın yerli meşə təsərrüfatına məxsus 2 hektaradək ərazini əhatə edib. Yanğınlar 1800 metr yüksəklikdə baş verdiyindən yanğınsöndürən maşınların hadisə yerinə qalxması mümkünsüz olub. Elə  bu səbəbdən də  yanğının söndürülməsi işinə  yalnız traktorlar və digər ağır texniki vasitələrlə yanaşı yerli qurumların əməkdaşları və sakinlər cəlb olunublar. İlkin ehtimallara görə, yanğın güclü istilərin nəticəsindən və ya yaxınlıqdakı bələdiyyə torpağında əhali tərəfindən yandırılan biçilən zəmidən meşəyə keçməklə yaranıb.

 

Yanğının əhatə dairəsinin genişlənməməsi üçün traktorlar vasitəsilə iri çalalar qazılır. Hələlik meşə təsərrüfatına aid olan iri gövdəli ağaclara ziyan dəyməyib.
Artıq hadisə ilə bağlı müvafiq qurumlara da  məlumat verilib. Hazırda yanğının söndürülməsi üçün lazımi tədbirlər görülür.  Əlavə olaraq, Astara, Masallı və Lənkərandan meşə təsərrüfatı və bərpası müəssisəsinin əməkdaşları yanğın baş verən əraziyə cəlb olunublar. Yanğının axşam saatlarına kimi qarşısının alınacağı bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv