Hacıqabulda “Mercedes” aşıb, avtomobildə olan 4 nəfər ölüb

Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax yolunun 40-cı kilometrliyində qeydə alınıb.  “Kamaz”la “Mercedes” markalı minik avtomobili toqquşub. FHN-nin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Mercedes” markalı minik avtomobilində şəxsiyyətləri məlum olmayan ikisi qadın, ikisi kişi olmaqla 4 nəfərin cəsədi sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

 Ölənlər Göy-Göl sakini 1968-ci il təvəllüdlü Məmmədov Namiq Əbülfəz oğlu, bir ailənin 3 üzvü - Gəncə sakinləri 1970-ci il təvəllüdlü Kərimov Nəsib Samit oğlu, onun həyat yoldaşı 1972-ci il təvəllüdlü Kərimova Rima Mamed qızı və qızı 1993-cü il təvəllüdlü  Kərimova Əminə Nəsib qızıdır.

 Sonda ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.  Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı