İŞİD Suriyada "SOCAR"ın avtomobilini ələ keçirdi

Suriyada silahlılar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) - SOCAR-ın daha bir avtomobilini ələ keçirdikləri barədə məlumat yayıblar. APA-nın məlumatına görə, İraq Şam İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının üzvləri ələ keçirdiklərini iddia etdikləri avtomobilin fotosunu da yayıblar. APA həmin fotonu əldə edib. ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə “APA-Economics”ə açıqlamasında bildirib ki, bu məlumat həqiqətəuyğun deyil. “ARDNŞ qəti şəkildə bəyan edir ki, Suriyada heç bir yanacaqdoldurma şəbəkəsi mövcud deyil. Fotoda əks olunan avtomobilin də SOCAR-a heç bir aidiyyəti yoxdur. Maşının nömrə nişanı da şübhəlidir. Belə hallar əvvəllər də olub. O vaxt da bildirilmişdi ki, ayrı-ayrı qruplaşmalar zaman-zaman öz məqsədləri üçün tanınmış şirkətlərin, o cümlədən, SOCAR-ın brendlərindən istifadə edirlər. Son fotoların yayılması da növbəti belə cəhdlərdən biri kimi qiymətləndirilməlidir” - deyə N. Quliyev vurğulayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv