“Fövqəladə hallarda özünü necə aparmalı?”

“Fövqəladə hallara psixoloji cəhətdən hazır olmaq lazımdır. Həkimlər özü ilə yanaşı, xəstələrin də təxliyəsində məsuliyyət daşıyırlar. Ona görə də ehtiyatlı olmaq, fövqəladə hallarda davranış qaydalarına əməl etmək lazımdır”.

 

Bunu Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Elmi Tədqiqat Kardiologiya İnstitutunda “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbirində çıxış edən şöbənin rəisi polkovnik-leytenant Vaqif Teymurov bildirib.


APA TV-nin məlumatına görə, tədbirdə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğın Nəzarəti Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Dövlət Sularda Xilasetmə Xidməti, Mülki Müdafiə Qoşunlarının əməkdaşları iştirak ediblər.

 

Tədbirdə çıxış edən institutun direktoru Adil Baxşəliyev bildirib ki, dünyada hər gün fövqəladə hallar baş verir. O qeyd edib ki, Azərbaycanda bu kimi hadisələrin qarşısını almaq üçün FHN tərəfindən keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti böyükdür.

 

Tədbirdə regional mərkəzin əməkdaşları müxtəlif növ fövqəladə hallar baş verən zaman insanların necə davranmalı olduğu barədə geniş bilgilər verilib. Bir neçə məlumatlandırıcı video-çarx göstərilib.


Tədbirdən sonra institutun həyətində əvvəlcədən müəyyən edilmiş təlim nöqtələri üzrə FHN-in qurumlarının fövqəladə hadisələr zamanı istifadə olunan xüsusi xilasetmə alət və avadanlıqları, eləcə də xəstəxananın həyətində simulyasiya edilmiş partlayıcı qurğunun aşkar edilməsi nümayiş olunub.
 

Müəllif | Apa.Tv
Elvin Bayramlı