Azərbaycan prezidenti: "Qeyri-neft sektorunun inkişafı prioritetimizdir"

"Dövlət siyasəti ondan ibarətdir ki, Azərbaycanda yerli istehsal genişlənsin, idxalı əvəzləyən istehsal yaradılsın".

Bunu Prezident İlham Əliyev  Bakının Qaradağ rayonu ərazisində yerləşən "Norm" sement zavodunun açılışında çıxışı zamanı deyib: "Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Biz Bakıda, Qaradağ rayonunda yeni sement zavodunun açılışına toplaşmışıq. Sizi bu münasibətlə ürəkdən təbrik edirəm. "Norm" sement zavodu ən müasir standartlara cavab verir. Bu zavodun fəaliyyətə başlaması sement istehsalında bütün hədəflərimizə çatmaq üçün bizə imkan yaradır. Çünki bizim əsas məqsədimiz ondan ibarət idi ki, bu sahədə idxaldan asılılığımızı aradan götürək və nəinki özümüzü tam şəkildə təmin edək, eyni zamanda, kifayət qədər böyük ixrac potensialının yaradılması da bizim hədəfimiz idi".

 

Azərbaycan Prezidenti qeyd edib ki, zavodun inşasına 350 milyon dollar sərmayə qoyulub. Bu, son illər ərzində Azərbaycanda tikilən ən böyük sement zavodudur: "Bu zavodun fəaliyyətə başlaması, eyni zamanda, 500 yeni iş yerinin yaradılmasına imkan verir. Əslində zavodun yaradılmasında Azərbaycanda iqtisadi sahədə və sənaye sahəsində bütün dövlət siyasəti öz əksini tapır. Çünki bizim siyasətimiz ondan ibarətdir ki, Azərbaycanda yerli istehsal genişlənsin, idxalı əvəzləyən istehsal yaradılsın. Qeyri-neft sektorunun inkişafı bizim prioritetimizdir".

 

Prezident İlham Əliyev qeyd edib ki, dövlət investisiyaları daha çox infrastruktur layihələrinə, sosial infrastruktur layihələrinə yönəldir və eyni zamanda, büdcədən özəl sektora kredit şəklində güzəştli şərtlərlə vəsait ayırır.Dövlət başçısı bildirib ki, Qaradağ rayonunda və digər bölgələrdə bir çox sənaye müəssisələri fəaliyyət göstərir.

 

Müəllif | Apa.Tv
Apa.tv