Ərdoğan Zəkəriyyə Özdən prokurorluğa şikayət etdi
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Bolu prokuroru Zəkəriyyə Özlə bağlı prokurorluğa müraciət edib. Ankara Baş Prokurorluğuna və Hakimlərin və Prokurorların Ali Şurasına edilən şikayətlərə səbəb kimi Zəkəriyyə Özün baş naziri təhdid, həqarət etməsi və ona böhtan atması göstərilir. Vəkil Əli Özkaya şikayət ərizəsində Özün 16 iyul 2014-cü ildə "Twitter"dəki səhifəsində Erdoğan haqqında yazdıqlarını sübut kimi təqdim edib. Bundan başqa, ərizədə bildirilir ki, Türkiyə Cümhuriyyəti prokuroru olan bir şəxsin ölkənin baş naziri haqqında bu cür təhdid dolu açıqlamalarla çıxış etməsi yolverilməzdir.
APA TV-nin xəbərinə görə, Zəkəriyyə Öz "Ergenekon"la bağlı cinayət işinin prokuroru olub. Bir neçə il davam edən və onlarla yüksək rütbəli hərbçinin həbsi ilə nəticələnən "Ergenekon" işinin Gülən camaatının sifarişi ilə həyata keçirildiyi iddia edilmişdi. Hazırda bu iş üzrə tutulan bütün şəxslər azadlığa buraxılıb.
Bu arada Türkiyə polisi mərkəzi İstanbul olan 22 qəsəbədə əməliyyat keçirib. Türkiyə mətbuatının xəbərinə görə, 200-ə yaxın ünvanda aparılan axtarışların hədəfi ötən il dekabrın 17-də həyata keçirilən “Rüşvət əməliyyatı”nı gerçəkləşdirən polislər olub. Əməliyyat nəticəsində 34 polis əməkdaşı saxlanılıb. Hətta onlardan biri uniformada olub. Saxlanılanlar arasında İstanbul Terrorla Mücadilə Müdiri Ömər Kösə, İstanbul TEM-in sabiq şöbə müdiri Yurt Atayün də var.