Prezident İlham Əliyev Xızı rayonuna gedib

Azərbaycan prezidenti İlham Əliyev iyulun 22-də Xızı rayonuna səfəri çərçivəsində Heydər Əliyev parkında aparılan yenidənqurma işləri ilə tanış olub. Rayon mərkəzində yerləşən bu mədəniyyət və istirahət parkının ərazisi tamamilə yenidən qurulub.

Ölkə başçısı Xızıda Heydər Əliyev Mərkəzinin açılışında da iştirak edib. Mərkəzin tikintisinə 2013-cü ilin aprelində başlanıb. Binanın ətrafında geniş abadlıq-quruculuq işləri görülüb. Müasir interyeri ilə diqqəti cəlb edən Mərkəzin foyesində ümummilli liderin büstü qoyulub.

Xızı Rayon İcra Hakimiyyətinin yeni binası istifadəyə verilib. İlham Əliyev binada yaradılan şəraitlə tanış olub. Bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilib. Otaqların hamısı müasir tələblər səviyyəsində qurulub.

İlham Əliyev Xızı rayonuna səfəri çərçivəsində Taxtakörpü-Ceyranbatan kanalından suyun yeni suvarılan torpaqlara verilməsi üçün suburaxıcı qurğunun təməlinin qoyulması mərasimində iştirak edib.

Başlanğıcını Azərbaycan ilə Rusiya sərhədində Samur çayından götürən və uzunluğu 182 kilometr olan Samur-Abşeron kanalı hazırda respublikanın şimal bölgəsi rayonlarının 150 min hektara yaxın torpaq sahəsini suvarma suyu və Bakı, Sumqayıt şəhərlərini, habelə Abşeron yarımadasını içməli, suvarma və texniki su ilə təmin edən irimiqyaslı kompleks su təsərrüfatı obyektidir.

Dövlət başçısı Samur-Abşeron kanalını qidalandırmaq üçün şimal çaylarında sugötürücü və nəqletmə qurğularının tikintisi, Şabran, Siyəzən, Xızı rayonları üzrə suvarılacaq torpaq sahələrinin planı, Samur-Abşeron suvarma sistemi zonasında həmin rayonlardakı mövcud suvarılan torpaqlarda su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi, həmçinin Samur-Abşeron kanalı sistemi üzrə mövcud və yeni suvarılan torpaqların planı ilə tanış olub.

Dövlət başçısı bölgə üçün çox mühüm əhəmiyyət kəsb edən layihənin yüksək səviyyədə icrası ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Müəllif | Apa.Tv
Apa.tv