Səyyar “ASAN Xidmət” Qusarda

İyulun 22-də səyyar "ASAN xidmət” Qusar rayonunda fəaliyyətə başlayıb. APA TV-nin şimal bürosunun məlumatına görə, Qusar, Quba, Xaçmaz rayonlarının 415 mindən artıq sakini avqust ayının 1-dək  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xidmətlərdən yararlana biləcək.

 

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

 

Xidmətlərə notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi,ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi,torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi aiddir. Bundan başqa “ASAN xidmət”dən yararlanaraq daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsini də tez bir zamanda həyata keçirmək mümkündür.

 

2014-cü ilin dekabr ayına qədər səyyar "ASAN xidmət" vasitəsi ilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin göstərilməsi  nəzərdə tutulub.

 

Müəllif | Apa.Tv
Vəli Turan