Əli Həsənov: “Azərbaycan mətbuatı bölgədə və dünyada öncül yerlərdən birini tutur”

Azərbaycan Milli Mətbuatının yaranmasının 139-cu ildönümünə həsr olunmuş mərasim keçirilib. APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, ötən əsrin 90-cı illərindən başlayaraq müstəqillik uğrunda xalq hərəkatı və milli mübarizə, dövlət müstəqilliyinin əldə edilməsi və milli dövlət quruculuğu proseslərinin gedişində Azərbaycan milli mətbuatının inkişafının yeni mərhələsi başlayıb və də bu proses davam etməkdədir.

 

Əli Həsənov 1993-cü ildən sonra Azırbaycanda söz və məlumat azadlığının təmin olunması, demokratik, plüralist KİV-in formalaşdırılması və inkişafı, onun hüquqi-normativ bazasının yaradılması və iqtisadi müstəqilliyinin təmin edilməsi istiqamətində atılan addımlar barədə məlumat verib:

 

“Azərbaycan prezidentinin imzaladığı çoxsaylı fərman və sərəncamlar, xüsusilə 2008-ci ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” məhz bu məqsədlərin həyata keçirilməsinə xidmət edib. Azərbaycan prezidentinin Sərəncamı ilə 2009-cu ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu KİV-lərin maddi-texniki bazasının, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir. Fəaliyyət göstərdiyi 5 il ərzində Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin həcmi 17 milyon manatı keçib. Bu gün Azərbaycan dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillə təmin olunurlar”.

 

Əli Həsənov bildirib ki, hazırda Azərbaycanda 5000-dən artıq KİV müvafiq dövlət orqanında qeydiyyatdan keçib. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq mətbuat orqanı, 20-dən çox informasiya agentliyi, 300-ə yaxın fəal internet informasiya resursu, 50-dən artıq televiziya və radio kanalı, onlarla mətbuat yayımı firması fəaliyyət göstərir.

Müəllif | Apa.Tv
Apa.tv