Əli Həsənov: "Kəlbəcərdə girov götürülən azərbaycanlılara işgəncə verilir"

"Ermənistan hərbçiləri tərəfindən Kəlbəcərdə girov götürülən azərbaycanlılar əsl vətənpərvər insandırlar, qəhrəmandırlar. Onları qətiyyən qınamaq olmaz".

APA TV-nin xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Komitə sədri bildirib ki, Kəlbəcərdə Ermənistan hərbçlərinin girov götürdüyü azərbaycanlılardan birinin öldürüldüyü barədə xəbər yayılıb. İki nəfər isə ermənilərin əlindədir: "Dediklərinə görə, Dilqəm və Şahbaz dəfərlərlə Kəlbəcərə gediblər. Onlar o ərazilərə çox gedib-gəliblərsə, elə o zaman da hadisə törədərdilər də. İndi Kəlbəcərdə 17 yaşında bir oğlan ölüb. Cinayət işinin üstünü aça bilmirlər, bilmirlər, kim öldürüb. İndi açılmayan nə qədər cinayət varsa, yıxacaqlar azərbaycanlıların üstünə".

 

Komitə sədri rəsmi Bakının Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə girov götürülmüş azərbaycanlılardan birinin öldürülməsi ilə bağlı birgə bəyanat yayacağını deyib. BQXK-ya edilən ciddi xəbərdarlıqdan sonra bu təşkilat nəticə çıxararaq əməli fəaliyyətə keçib: "Girov götürülən azərbaycanlılar Ermənistan tərəfindən təzyiq və işgəncələrə məruz qalırlar. Cenevrə Konvensiyasına uyğun olaraq müharibə aparan ölkələrin girov və mülki şəxslərlə davranış qaydaları var. Neçə gün keçib. Nə üçün Ermənistan tərəfi BQXK-ya azərbaycanlı girovlarla görüşməyə imkan vermir? Çünki onların başlarına min oyun açırlar. Onlara işgəncələr verirlər, danışdırırlar, iynə vurub min cür şey yeridirlər".

 

Əli Həsənov mətbuatı və girov yaxınlarını təmkinli və diqqətli olmağa çağırıb. O bildirib ki, bu məsələ ilk gündən Azərbaycan Prezidentinin diqqətindədir.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı