Lerik meşələrində yanğın tam söndürülüb

Lerik rayonunun yüksək dağlıq ərazisində iyulun 21-də başlayan və külək nəticəsində meşə fondu ilə sərhəddə yerləşən Hirkan Milli Parkının ərazisinə keçmiş yanğın bu gün səhər saatlarında söndürülüb. APA TV-nin xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytında məlumat yerləşdirilib. ETSN-nin müvafiq yerli qurumlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələrinin səyləri nəticəsində yanğın tam söndürülüb. İlkin hesablamalara görə, Milli Parkın 2,5 hektar ərazisinə ziyan dəyib. Hazırda yanğına məruz qalmış ərazilər yenidən alovlanma ehtimalı nəzərə alınaraq nəzarətə götürülüb.

 

Eyni zamanda, Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandaband meşəbəyliyinin 23 A dolayında yanğın lokallaşdırılsa da, közərtilərin tam olaraq söndürülməsi istiqamətində işlər davam etdirilir. İlkin hesablamalara görə 10 hektardan artıq meşə fondu torpağına ziyan dəyib.
 

Baş vermiş yanğınla əlaqədar hadisənin ciddiliyi nəzərə alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq yerli qurumları fövqəladə iş rejiminə keçib. 
 

Hazırda ETSN-nin150-dək əməkdaşı, o cümlədən FHN-nin canlı qüvvəsi və aviasiya dəstəsi Razvandaband meşəbəyliyinin 23 A dolayında közərtilərin tam olaraq, söndürülməsi istiqamətində operativ tədbirlər həyata keçirir.

 

Müəllif | Apa.Tv
Apa.tv