Qırmızı Xaç nümayəndələri Qəzzada bombardmana düşdü
BQXK-nin əməkdaşları Qəzza sektorunda bombardmana düşüb. Silahlı fələstinlilərin müşayiəti ilə hərəkət edən həkim heyəti döyüş bölgəsindən yaralıları çıxarmaq üçün əraziyə gəlib. APA TV-nin məlumatına görə, bu barədə İsrail tərəfi ilə razılaşdırma da əldə edilib. Buna baxmayaraq proses zamanı atəş açılıb. Atəşin hansı tərəfdən açıldığı barədə isə məlumat hələ ki yoxdur. Son məlumatlara görə, hadisələr başlayandan 680 fələstinli həyatını itirib. "Biz şahidlərdən eşitdik ki, yaralı var və o, avtomobilin altında gizlənib. Biz onu xilas etmək istəyirdik, lakin bu dəfə özümüz hədəfə düşdük. Bu səbəbdən də ona yardım edə bilmədik" deyə fələstinli həkim bildirib. BMT də baş verənlərlə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, İsrailin atdığı bombalar mülki şəxslərin ölümü ilə nəticələnir və bu hərbi cinayət kimi dəyərləndirilə bilər. İsrail tərəfi isə bu ittiham qəti rədd edir. Rəsmi Təl-Əviv bildirir ki, terrorçular məhz sadə vətəndaşların arxasında gizləniblər.