Yaxınları Kəlbəcərdə girovun götürülən Həsən Həsənovun meyitini tanıyıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Kəlbəcərdə girov götürülənlərlə bağlı məlumat yayıb. Komitədən APA TV-yə verilən məlumatda bildirilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən azərbaycanlılarla bağlı ilk gündən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə bir neçə dəfə görüş keçirilib və girov götürülən şəxslərin taleyi ilə bağlı və bu günə qədər onlar haqqında  heç bir məlumatın olmadığından Azərbaycan tərəfinin narahatlığı qarşı tərəfin diqqətinə çatdırılıb.

 

“Bununla yanaşı girov götürülmüş şəxslərlə bağlı hər hansı bir məlumatın əldə edilməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb və bu istiqamətdə intensiv iş aparmalarının zəruriliyi  diqqətə çatdırılıb. Bütün bunların nəticəsi kimi Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən bir neçə fotolar əldə edilib və həmin fotolarda girov götürülmüş şəxslərdən biri olan və ermənilər tərəfindən öldürüldüyü ehtimal olunan Həsən Həsənovun olduğu bildirilib. Bununla əlaqədar olaraq ailə üzvləri, qohumları həmin fotolar ilə tanış olub və həmin şəxsin Həsən Həsənov olduğu təsdiq olunub. Eyni zamanda Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən cəsədin qaytarılması ilə bağlı danışıqlar aparılıb, lakin onlara bildiriblər ki, cəsədin həmin şəxsə aid olduğunu dəqiqləşdirmək üçün əlavə kömək edici identifikasiya materiallarına ehtiyac var. Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov, Şahbaz Quliyevlə görüşün təşkil olunması və Həsən Həsənovun cəsədinin qaytarılması ilə bağlı görülən işlər gündəlik olaraq prezident İlham Əliyevin nəzarətindədir. Əlavə məlumat olacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək”.

Müəllif | Apa.Tv
Apa.tv