Nazir müavini: "Ünvanlı sosial yardım təyinatı mərkəzləşdiriləcək"

"Ünvanlı sosial yardım təyinatı yerlərdən yığışdırlaraq mərkəzləşdiriləcək". APA TV-nin xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov deyib. Onun sözlərinə görə, vətəndaşlar respublika mərkəzinə ya internet vasitəsi ilə elektron qaydada, ya da hər bir rayonda quraşdırılacaq xüsusi köşklər vasitəsi ilə yalnız ərizə ilə müraciət edə biləcək: "Vətəndaş heç bir orqana gəlmir, heç bir sənəd gətirmir. Yeganə tələb odur ki, vətəndaş adi ərizə ilə müraciət etməlidir".

 

Nazir müavini əlavə edib ki, Respublika Mərkəzinə daxil olan müraciətlər barədə vətəndaşlar dərhal sms vasitəsilə məlumatlandırılacaq. Bundan sonra, mövcud informasiya bazaları əsasında bu müraciətlər araşdırılacaq: "Araşdırmadan sonra mexanizmin 2-ci hissəsi işə düşəcək və müraciət edən vətəndaşların təsərrüfatı, gəlirləri və xərcləri bal sistemi ilə qiymətləndiriləcək. Ünvanlı sosial yardımın verilməsi ilə bağlı qərar barədə vətəndaşa sms-lə məlumat veriləcək".

 

İlk olaraq bu layihənin Azərbaycanın 5 rayonunda tətbiqi nəzərdə tutulub. Artıq bununla bağlı layihə Nazirlər Kabinetinə göndərilib. Hökümət razılıq versə, gələn ildən bu layihənin tətbiqinə başlanacaq. Nazir müavini bildirib ki, Azərabaycanda az təminatlı ailələrə təyin olunan ünvanlı sosial yardımın müddəti dəyişdirilə bilər. Onun sözlərinə görə, ünvanlı sosial yardımın müddətinin bir ildən iki ilə qədər artırılması hökümətə təklif olunub.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova