Fotoqrafiya: Ciddi peşə, hobbi, yoxsa qazanc mənbəyi?

Barmağının bircə titrəyişi ilə həyatın tək bir anına illərlə yaşanacaq ömür bəxş edir. İnsanın acısını, sevincini, təbiətin gözəlliyini, şıltaqlığını adi kağız üzərində tarixə çevirir, yaxud da möhtəşəm sənət əsəri kimi ortaya qoya bilir. Bəzən çox zəruri olan bir anlıq zaman kəsiyini, necə deyərlər dondurmaq üçün çox incə zövqlə, yaradıcılıq fantaziyası ilə işləmək lazım olur. Fotoqraf olmaq, təkcə şəkil çəkməyi bacarmaq demək deyil. Tahir Məmmədov ömrünün 40 ildən çoxunu fotoqrafiyaya sərf edib. Deyir ki, ilk başladığı günlərdə aldığı fotoaparatları və başqa vəsaitləri indiyədək qoruyub saxlayır. APA TV-nin məlumatına görə, o,  yeniyetmə və gənclik illərində heç vaxt fotoqraf olmaq arzusunda olmayıb. Amma bir zərurət onun az qala yarım əsr bu sahədə çalışmasına gətirib çıxarıb.

 

"Hərbi xidmətə getmişdim, Almaniyaya. Oradan evə şəkil yollamalı idim. Özüm çəkib, özüm də şəkli çıxarmağa məcbur idim. O gündən də məndə fotoqrafiyaya maraq yarandı və həmin vaxtdan bu günə kimi fotoqrafiya ilə məşğul oluram".

 

İxtisasca müəllim olan Tahir Məmmədov deyir ki, indi çox adamda ən müasir fotoaparatlar var. Amma bu fotoqrafiyanın inkişafına dəlalət eləmir.

 

"Şəkil elədir ki, gərək ona baxan adam zövq alsın. Gənc nəsil öyrənməlidir, yetişməlidir. Fotoqrafiya həm incə sənətdir, həm də incəsənətin bir qoludur".

 

Elmi texniki inkişafın fotoqrafiyaya təsirindən danışan həmsöhbətimiz deyir ki, düzdür, indiki avadanlıqlarla işləmək çox asandır. Amma nəticə etibarilə keyfiyyət, şəklin uzunömürlülüyü əvvəlki illərdə olduğu kimi deyil.

 

"İndiki şəkillərin keyfiyyəti ilə əvvəlkilərin keyfiyyəti arasında böyük fərq var. İndi texnologiya çox yüksək inkişaf edib. Çəkirik, ordan da çıxarıb verə bilirik. Amma, mən keyfiyyətdən narazıyam. Əvvəlkilərin keyfiyyəti daha yaxşı idi".

 

Gənc fotoqraflar isə iddia edirlər ki, bölgələrdə bu sahənin öyrənilməsi üçün lazımi şərait yoxdur. Bundan ötrü ölkənin paytaxtına və başqa iri şəhərlərə getmək lazım gəlir. Bu isə müəyyən çətinliklər meydana gətirir.

 

"Hazırda məktəblər yoxdur. Fotoqrafiya kursları var, o da hansısa təşkilatlarda ödənişli əsaslarladır. Ona görə də fotoqraflar ancaq toy biznesi ilə məşğuldur. Bu da yaradıcılıqla məşğul olmağa mane olur".

 

Əsas çətinliklərdən biri də, müasir avadanlıqların kifayət qədər baha olmasıdır. Bu da yaradıcılığa mənfi təsir göstərir.

 

"Hər fotoqraf işlədiyi janra uyğun olaraq avadanlıqdan istifadə edir. Gənc fotoqrafların avadanlığı almağa imkanı çatmır. Həmin avadanlıqlar çox bahadır. Çox az hallarda kredit verilir. Nağd və baha qiymətə olan avadanlıqları alıb işləyə bilmirlər".
 

Gənc fotoqrafların çoxu bu sənətə ikinci peşə kimi yanaşır. Bu isə fotoqrafiyanın incəsənətin bir sahəsi kimi inkişaf etməsinə mane olur.

 

"Bizim gənclər fotoqrafiyaya yaradıcılıq sahəsi kimi yanaşmırlar. Qazanc qazanmaq məqsədi ilə ikinci peşə kimi baxılır".

 

Yerlərdə fotoqrafiyanın inkişafı üçün gənclərin bir-biriləri ilə əlaqələrinin genişlənməsinə də ehtiyac var. Elmi-texniki inkişaf haqda məlumatların, yaradıcılıq sahəsində yeniliklərin bölüşməsi gənclərin inkişafına dəstək ola bilər. Amma  bu gün gənclər arasında bu tendensiya müşahidə olunmur.

 

Müəllif | Apa.Tv