Morninqstarın vida çıxışında mühüm bəyanatlar: “Azərbaycanda iğtişaş yaratmaq istəmirik”

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar səlahiyyət müddətinin bitməsi ilə əlaqədar vida çıxışı edib. APA TV-nin məlumatına görə, Riçard Morninqstar deyib ki, bir həftə sonra Azərbaycan tərk edəcək. O qeyd edib ki, Azərbaycana 1995-ci ildən səfər edib və bir çox azərbaycanlıları özünə dost hesab edir: "Mən həmişə Azərbaycanın dostu olmuşam və olacağam. Ötən iki il ərzində mənim etdiklərim və dediklərim bir məqsəd güdüb - Azərbaycanın demokratik və bazar iqtisadiyyatına əsaslanan ölkəyə çevrilməsi istiqamətində irəliləyiş əldə olunması üçün əməkdaşlıq etmək".

 

Birləşmiş Ştatların Azərbaycanın suverenliyi və müstəqilliyini dəstəkləyəcəyini bildirən səfir vurğulayıb ki, o,  təxminən 20 il əvvəl Azərbaycana ilk dəfə səfər edəndə bura fərqli bir yer idi: "Dağlıq Qarabağ  münaqişəsi ilə bağlı hərbi əməliyyatlar dayandırmaq üçün atəşkəs imzalanmışdı. İqtisadiyyat böhran vəziyyətində idi. Lakin,  Azərbaycan  o vaxtdan  bəri böyük iqtisadi inkişafa nail olub və ölkənin əksər hissəsi əhəmiyyətli dərəcədə müsbət dəyişilib. İndi  Bakı  iyirmi il bundan öncəki şəhərdən xeyli fərqlənir. Azərbaycan xalqı çox böyük çətinliklərin ohdəsindən gəlib və siz bununla fəxr etməlisiniz".

 

Riçard Morninqstar bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoymaq üçün yeni cəhdlərə ehtiyac var. Onun fikrincə, sülh regiondakı insanlara əhəmiyyətli faydalar gətirəcək və Azərbaycanın gələcək rifahını təmin edəcək. Səfirin sözlərinə görə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işini davam etdirəcək.

 

Səfir həmçinin qeyd edib ki, Azərbaycan və ABŞ bəzi məsələlərə fərqli yanaşır: "Lakin hər bir tərəfdaşla olduğu kimi davamlı dialoq mühümdür. Bizim fikir ayrılıqlarımız ola bilər, lakin dialoqu davam etdirməliyik. Azərbaycan mürəkkəb məkanda yerləşir. Azərbaycan öz suverenlik və müstəqilliyini qoruyub saxlamağa çalışdığı bir vaxtda biz onun yanında olmalıyıq. Biz bilirik ki, hökumətin ən ümdə məsələsi sabitliyi qorumaqdır. Azərbaycanda sabitliyi qoruyub saxlamağa biz də kömək etmək istəyirik".

 

Səfri bəyan edib ki, Birləşmiş Ştatlar Azərbaycanda hər hansı bir şəkildə qeyri- sabitlik və ya iğtişaş yaratmaq istəmir.

 

Riçard Morninqstar vida çıxışından sonra jurnalistlərə müsahibəsində Kəlbəcərdə azərbaycanlıların girov götürülməsinə münasibət bildirib: "Təmas xəttində baş verən xoşagəlməz hallar və faciəvi itkilər çox ağrılıdır. Bilirəm ki, təmas xəttindəki hadisələr həmsədrləri çox narahat edir və bu bir daha bu dəhşətli münaqişənin tez bir zamanda nizamlanmasının əhəmiyyətini göstərir".

 

ABŞ-ın Azərbaycana yeni səfirinin Azərbaycana nə zaman gələcəyi ilə bağlı suala cavabında Riçard Morninqstar yeni səfirin namizədliyinin tez bir zamanda təsdiqlənəcəyinə ümidvar olduğunu bildirib.

 

Müəllif | Apa.Tv