Ukraynada hakimiyyət böhranı: hakim koalisiya dağıldı, baş nazir istefa verdi

Ukraynada hakimiyyət böhranı başlayıb. Parlamentdəki hakim koalisiya rəsmən parçalanıb, baş nazir istefa verib və yeni seçkilərin keçirilməsi məsələsi gündəmə gəlib.

 

Ali Radadakı UDAR partiyası, ardınca isə “Azadlıq” partiyası hakim koalisiyadan çıxdıqlarını bəyan ediblər.

 

UDAR partiyasının parlament fraksiyasının lideri Vitali Kovalçuk və “Azadlıq” partiyasının lideri Oleq Tyaqnibok növbədənkənar seçkilərin keçirilmısini tələb ediblər.

 

Parlamentin axşam iclasında isə kürsüyə çıxan baş nazir Arseni Yatsenyuk istefa verdiyini bəyan edib. O, istefa qərarını hakim koalisiyanın dağılması ilə əsaslandırıb. Yatsenyuk bildirib ki, parlament-prezident respublikasında hakim koalisiya dağılıbsa, hökumət tam tərkibdə istefaya getməlidir.

 

Yatsenyuk bu li fevralın 27-də hakim koalisiya formalaşdıqdan sonra Ukrayna hökumətinə başçılıq etməyə başlamışdı.

 

Ali Radanın sədri Aleksandr Turçinov parlamentin iclasında hakim koalisiyanın fəaliyyətini dayandırdığını rəsmən bəyan edib. Koalisiyanın dağılması və 30 gün ərzində yenisinin formalaşmaması Ukrayna prezidentinə Ali Radanı buraxmaq üçün əsas verə bilər.

 

Arseni Yatsenyukun istefasından sonra hökumətə müvəqqəti rəhbərlik baş nazirin müavini, regional inkişaf naziri Vladimir Qroysmana tapşırılıb.

 

Ukrayna prezidenti Petro Poroşenko isə parlamentə yolladığı yazılı müraciətdə bəyan edib ki, koalisiyanın dağılması hökumətin istefası üçün qanuni zəmin yaratmır. Prezident hazırkı hökumətin fəaliyyətini davam etdirməsini arzuladığını bildirib.

 

Müəllif | Apa.Tv