Baş Prokurorluq: “Sevil Massivi”nin təsisçisi və direktoru həbs olunub

Baş Prokurorluq “Sevil Massivi” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilməsi ilə bağlı məlumat yayıb. APA TV-nin xəbərinə görə, məlumatda bildirilib ki, mətbuatda kooperativin vəzifəli şəxsləri barəsində aparılan istintaqla bağlı təhrif olunmuş məlumatlar, o cümlədən MTK-nın vəzifəli şəxslərinin guya ölkə ərazisini tərk etmələri barədə həqiqəti əks etdirməyən məlumatlar yayılıb. Prokurorluq bildirir ki, şirkətdə külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktına əsasən Vergilər Nazirliyində başlanmış cinayət işi üzrə istintaq aidiyyəti üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir. Kooperativin təsisçisi Aynur Zeynalovun həmin kooperativin direktoru Elçin İsmayılov və digərləri ilə birgə 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmasında, xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələrində şübhələr üçün əsaslar olduğundan onlara Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilib, barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

 

Həmçinin, Abşeron rayon Hökməli bələdiyyəsinin sədri Mirnamat Miradiyevin bələdiyyə ərazisində yerləşən torpaq sahələrini Zeynalov və İsmayılovun bilavasitə şərait yaratmaları ilə müxtəlif şəxslərə sataraq ümumilikdə onlardan 170 min manat məbləğində rüşvət almasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə ağır xəstəliyi ilə əlaqədar barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

 

Müəyyən edilib ki, şirkətin məsul şəxsləri Mirnamat Miradiyevlə əldə etdikləri şifahi razılaşmaya əsasən bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, eləcə də ayrı-ayrı şəxslərin mülkiyyətində olan “At yalı” və “Sonalı sahəsi” adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edərək vətəndaşlara faizsiz kreditlə satıblar. Vətəndaşlar isə həmin torpaq sahələrində layihə-smeta sənədləri olmadan, dövlət qeydiyyatına alınmadan 200 fərdi yaşayış evi tikib. Kredit ödənişləri başa çatdıqdan sonra bələdiyyəyə məxsus olmayan sahələr bələdiyyə tərəfindən hərraca çıxarılmaqla satılaraq vətəndaşların adlarına rəsmiləşdirilib.

 

Şirkət qeyd olunan ərazinin təyinatına uyğun olmadan 100-dən artıq çoxmənzilli yaşayış binalarının tikintisini planlaşdırıb, müvafiq dövlət qurumları ilə razılaşdırılmadan, o cümlədən qanunsuz tikintinin dayandırılması barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi xəbərdarlıqlarına məhəl qoymayaraq binaların 14-nün özülünü qazdırıb. Təyinatına görə örüş torpaqları olan həmin sahələrdə qanunsuz tikiləcək çoxmənzilli yaşayış binalarından vətəndaşlara mənzillər satılıb.

 

Hazırda “Sevil Massivi”ndə tikinti və satış işləri dayandırılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv