Gördüyümüz yuxular gerçək yaşantımıza necə təsir edir?

"Yuxu insan beyninin rahatlanma prosesidir. Çünki insan gün ərzində fəaliyyətdə olur, gecə isə beyin rahatladıqdan sonra şüuraltı hərəkətə gəlir". Psixoloq Babək Bayramov APA TV-yə bildirib ki, yuxu zamanı insan beyni təxminən 80-ə yaxın performans göstərir. Bunun nəticəsində insan yuxusunu qarışdırır.

 

"Əgər insanın içərisində aqressiya, stress  varsa o insan yuxusunda cənnəti görməyəcək. Yox əgər insanının günlük həyat tərzi rahatdırsa, gələcək hədəfləri varsa bu amillər insanın gözəl yuxular görməsini təmin edir".

 

İnsanların müxtəlif yuxular görməsinin digər səbəblərinə gəlincə psixoloq deyir ki, bəzən yuxuların böyük bir qismi unudulur. Əslində insan yuxu gördükdən 5 dəqiqə sonra onun yarısını unudur, 10 dəqiqə sonra isə 90 faizi unudulur. "Elə insanlar var ki , onlar yuxu görməməklərindən narahat olurlar. Əslində isə onlar yuxu görürlər. Çünki yuxu görməyən insan yoxdur. Hətta dünya işığına məhrum insanlar və yaxud sonradan görmə qabiliyyətini itirən insanlar belə yuxu görürlər " .

 

"İnsanın gözü kameradır. Amma insanlar əsasən beynin arxasında yerləşən görmə mərkəzi ilə görür. Bu mərkəz əgər zədələnməyibsə onun yuxu görməsində heç bir problem yoxdur. Hətta anadangəlmə görməyən insanlar isə müxtəlif toxunmalar, qoxu, hətta səsləri eşidir deyə yuxu görə bilir"

 

Yuxuların unudulmasına diqqət çəkən Babək Bayramov deyir ki, insan yatdığı zaman onda məntiq kilidlənir. Onun sözlərinə görə kişi və qadın yuxuları bu baxımdan bir-birindən fərqlənir.

 

"Kişilər daha çox kişilərdən ibarət yuxular görür, onların yuxuları bir rəngdə olur. Qadınlar isə hər iki cinsdən ibarət yuxu görürlər. Bu isə qadınların romantik zəkasının, intellektinin daha yüksək inkişaf etməyini sübut edir".

 

Psixoloq deyir ki, alimlər yuxunu " kiçik ölüm" adlandırırlar. Bu həqiqətən də belədir. Yuxu zamanı insanın şüuru özündə olmur, o, fərqli şüur səviyyəsində olur. "Həmin an insan özünü idarə etmir. O , iç dünyasına qapanır. Amma yuxunu ölümlə yuxunu tam əlaqələndirmək düzgün deyil. Çünki ölüm zamanı insan tam fəaliyyətsiz olur. Amma insan yatdığı zaman belə beyin işləyir. İnsan o zaman ölür ki, onun ürəyi yox məhz beyni dayanır". O ki, qaldı gördüyümüz serial yuxuların sirrinə...


"İnsan yalnız eyni şey haqqında fikirləşəndə serial yuxu görə bilir. Buna çox hallarda rast gəlinir. Bu o deməkdir ki, beyni məşğul edən bir problem var. Bu problem isə həll olunmamış qalır . Düzdür bunu müəyyən psixoloji təsirlərlə aradan qaldırmaq olar, amma əgər səbəb varsa, bu, yuxu formasında olmasa da başqa bir hal kimi təzahür edəcək"

 

Beyinin yuxu zamanı aktiv şəkildə işləməsini təsdiq etmək üçün bu faktı gətirmək olar. "Kimyaçı alim Mendeleyev öz məşhur cədvəlini məhz yuxuda görüb. Digər dahi alim Albert Eynşteyn öz nisbilik nəzəriyyəsinə görə yenə də yuxuya borcludur. Atom fizikasının banisi Nils Bor atomun modelini yuxuda görüb". Psixoloq yuxuların psixoloji təsirlərindən danışarkən bildirdi ki, yuxular bizim istək və düşüncələrimiz çərçivəsində cərəyan edir: “Fikir versəniz, görərsiniz ki, insanların yuxularının böyük faizi onların istədikləri şeylər, yaxud da xəyalını qurduqları hər hansı məsələnin reallaşmamasının məhsuludur. Çox təəssüflər olsun ki, insanların böyük bir qismi bunu, onların xəyal dünyalarının məhsulu olduğunu başa düşmürlər. Nəticədə gördükləri yuxunu bir işarət olaraq qəbul edir və günlərini, bəzən də həyatlarını ona görə düzənləyirlər". Yuxu yozmalarına gəlincə Babək Bayramov  qeyd edib ki, yuxusunu yozdurmaq istəyən insan hər şeydən öncə onun əhval-ruhiyyəsini yüksəldəcək şeyləri nəzərə almalıdır. Əks halda yozulan yuxunun təsiri ilə günün pozitivliyini qaçıra bilər.

 

Müəllif | Apa.Tv
Apa.tv