Moskva-Qəbələ-Moskva aviareysi açılıb

Rusiyanın “Metrojet” Aviaşirkəti Moskva-Qəbələ-Moskva marşrutu üzrə müntəzəm uçuşlara başlayıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, iyulun 24-də Qəbələ Beynəlxalq Hava Limanında Moskvadan gələn ilk təyyarənin təntənəli qarşılanma mərasimi olub. Yeni beynəlxalq aviareysin ilk sərnişinlərinin qarşılanması münasibətilə Qəbələ aeroportunda keçirilən tədbirdə rayonun və həmin aviaşirkətin yetkili şəxləri iştirak edib.

 

Mərasimdə məlumat verilib ki, Bakı vaxtı ilə saat 18:00-da Moskvanın Domodedovo aeroportundan havaya qalxan təyyarə Bakı vaxtı ilə 20:30-da Qəbələyə çatıb. Təyyarənin göyərtəsində ümumilikdə 180 sərnişin olub. Qəbələdən isə təyyarə həmin gün saat 22:00-də təkrar olaraq Moskvaya uçub. Qəbələdən Moskvaya uçan təyyarənin göyərtəsində isə 175 sərnişin olub. Uçuşlar “Airbus-320” avialayneri ilə hər həftənin 2, 4 və 6-cı günləri yerinə yetiriləcək.

 

Moskvadan Qəbələyə bir aviabiletin qiyməti 69 avrodan başlayır. “Metrojet” şirkəti gələcəkdə Moskvadan Qəbələyə gündəlik aviareyslər təşkil etməyi, eləcə də Qəbələdən Rusiyanın digər şəhərlərinə uçuşlar keçirməyi planlaşdırır. Hazırda “Metrojet” və “Qlobus” şirkətləri Rusiyadan olan turistlər üçün Qəbələ və Azərbaycanın digər turizm rayonlarına müntəzəm turpaketlər təşkil edir.            

 

Qeyd edək ki, 2011-ci il noyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Qəbələ beynəlxalq aeroportu dünyanın ən yüksək standartlarına cavab verir.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov