Xalq artistinə faciə yaşadan keçmiş məmur oğlunun məhkəməsi başladı
Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olan məmur oğlunun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən Xalid Mədətovun anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası avqustun 1-nə təyin edilib.
Qeyd edək ki, martın 15-də saat 00:30 radələrində Suraxanı rayonu, Zığ şossesində Abdullayev Vüqar Ağasəlim oğlunun idarə etdiyi "VAZ 2106" markalı 10-NB-466 dövlət qeydiyyat nişanlı avtomobillə Mədətov Xalid Mübariz oğlunun idarə etdiyi “Mercedes-Benz G-55” markalı 90-FE-007 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşub. Nəticədə “VAZ 2106”da olan sərnişinlər - 1959-cü il təvəllüdlü Briliant Abdullayeva və 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər. Sürücü Xalid Mədətov narkoloji tibbi müayinədən keçirilərkən onda orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilib. Xatırladaq ki, Xalid Mədətov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nın sabiq sədr müavini Mübariz Mədətovun oğludur. Həmin hadisədən 2 gün sonra isə prezidentin sərəncamı ilə Mübariz Mədətov tutduğu vəzifədən azad edilib, oğlu isə həbs olunub.