Şeyxülislam Azərbaycan xalqını təbrik edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam, Hacı Allahşükür Paşazadə Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

 

Allahşükür Paşazadənin bayram təbrikində deyilir: “Hamınızı təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul olmasını diləyirəm. Əzəmət və sevinci hədsiz olan bu ülvi bayram insanlara səadət və fəxarət bəxş edir. Həmd-səna olsun uca Allaha ki, onun rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca bütün ibadətlərini sonsuz ehtiram, fərəh və səylə tamamlayaraq, Ramazani-Şərifin bayram səadətinə qovuşmağa nail olublar. Qoy islam dininə ehtiramımı nümayiş etdirmiş, Allahın vacib hökmü olan oruc ibadətini səmimi hisslərlə başa vurmuş xalqımıza bu mübarək ayın fəzilət və bərəkətlərindən nəsib olsun.  Bu ülvi bayram günündə qohum-əqrəba, valideynlərə baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin ziyarəti müstəhəb əməllərdəndir".

 

Təbrikdə bildirilir ki, işğal altında olan torpaqlarımızın azad edilməsi, dövlətçiliyimizin davamlı olaraq tərəqqisi, Azərbaycanın dünya birliyində mövqe və nüfuzunun daha da möhkəmlənməsi üçün Allaha dua edilir. 

Müəllif | Apa.Tv
Apa.tv