Ermənilərin yaraladığı Tovuz sakini Bakıda əməliyyat olundu

Ötən gün ermənilərin atəşkəsi pozması nəticəsində yaralanmış və Bakıya gətirilərək Kliniki Tibbi Mərkəzdə yerləşdirilən Tovuz rayon sakini, 1997-ci il təvəllüdlü Fərid Məmmədov əməliyyat olunub. Əməliyyatı aparan mütəxəssis,  respublikanın baş üz-çənə cərrahı, professor Çingiz Rəhimov APA-ya açıqlamasında bildirib ki, təxminən 1 saat davam edən əməliyyat artıq başa çatıb. Onun sözlərinə görə, güllə burun boşluğuna daxil olub, çənə sümüyünü yarıb və orada qalıb. Cərah deyib ki, xoşbəxtlikdən güllə onun üzünün digər nahiyələrində heç bir ciddi fəsad törətməyib: “Həyati əhəmiyyətli strukturlardan uzaq olub. Əməliyyatdan sonra xəstənin üzü tam bərpa olunacaq. Güllə yarasının üzdə heç bir izi qalmamalıdır. Bu əməliyyat çətin əməliyyatlara aid edilmir. Gəncin də bəxti gətirib ki, güllə üzün çox strukturlarını zədələməyib”.

 

Qeyd edək ki, Fərid Məmmədov əməliyyat olunmaq üçün Bakıya gətirilib. Səhiyyə naziri Oqtay Şirəliyevin təlimatı ilə xüsusi ambulans helikopterlə Bakıya gətirilən F.Məmmədov Kliniki Tibbi Mərkəzdə yerləşdirilib.

 

Ötən gün Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib. Axşam saatlarından başlayaraq Tovuz rayonunun Əlibəyli kəndi Ermənistan silahlı birləşmələri tərəfindən intensiv atəşə tutulub. Nəticədə kənd sakinləri 1997-ci il təvəllüdlü Fərid Nəbi oğlu Məmmədov və 1962-ci il təvəllüdlü Anya Qara qızı Ələkbərova yaralanıblar. Onlar Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Fərid Məmmədov çənəsindən dəyən güllə yarası onun üz nahiyəsini dağıdıb. O, vəziyyəti ilə əlaqədar Bakıya gətirilib. Digər yaralı isə evə buraxılıb.

 

Ç.Rəhimov qeyd edib ki, hazırda xəstənin vəziyyəti yaxşıdır. Onun  sözlərinə görə, yaralının reanimasiyada qalmasına ehtiyac yoxdur: “Sadəcə, ola bilsin ki, müvəqqəti saxladıq. Qısa zamanda xəstə evinə göndəriləcək”.

Müəllif | Apa.Tv
Apa.tv